image-2000x150px
image-970x50px
image-123backend

Asiya və Sakit Okean hövzəsi ölkələri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər – Anar Məmmədov

image-728x90px

“Hazırda beynəlxalq münasibətlər sistemində regional inteqrasiya proseslərinin rolunun və əhəmiyyətinin artdığı bir zamanda tarixin heç bir mərhələsində dövlətlərarası əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac bu qədər olmayıb. Bütün dünyanı silkələyən koronavirus pandemiyası bir daha göstərdi ki, qlobal problemlərin həllində dövlətlər arasında qarşılıqlı dəstək, ortaq mövqe və sıx əməkdaşlıq labüddür. 2020-ci il bütün çətinliklərə baxmayaraq, Azərbaycan tarixinə Zəfər ili kimi daxil oldu.

Reallaşmağa başlayacaq yeni layihələr yalnız Azərbaycanın deyil, regionun bütün dövlətlərinin rifahına müsbət təsir edəcək. Bu baxımdan Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit Okean hövzəsi üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı ilə bir daha ölkəmizin və xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə qorudu, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədovun sözlərinə görə, dövlətimizin başçısının beynəlxalq təşkilatın tribunasından bir sıra mühüm çağırışlar etməsi regional və qlobal miqyasda xüsusi diqqət çəkən məqamlarla yadda qaldı: “Cənab Prezident İlham Əliyev rasional çıxışı, praqmatik tezisləri ilə bir daha Ermənistan rəhbərliyini ifşa etdi. Dövlətimizin başçısının sessiyada qeyd etdiyi kimi Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra edib, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib. Bununla da, Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Həmçinin, diqqətə çatdırıldı ki, işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın bütün şəhər və kəndləri tamamilə dağıdılıb. Bu baxımdan Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızda törətdiyi vandalizmin dünya ictimaiyyətinə çatdırılması çox vacibdir.”

Deputat qeyd edib ki, görüşdə Azərbaycanın COVID-19-a qarşı birgə mübarizə tədbirlərinin həyata keçirilməsi də müzakirə olunub. Bildiyimiz kimi Azərbaycan COVID-lə bağlı bir neçə təşəbbüslə çıxış edib: “Ölkəmiz Türk Şurasının Zirvə görüşünü, Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirməklə yanaşı, BMT Baş Assambleyasının COVID-lə bağlı xüsusi sessiyasının keçirilməsinə də nail oldu. Bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı. Beləliklə, dövlət başçısının qeyd etdiyi kimi, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Həyata keçirilən tədbirlər onu göstərir ki, Azərbaycan beynəlxalq miqyasda koronavirus pandemiyası ilə mübarizəyə böyük töhfələr verir. Bu fakt bir daha Azərbaycanın dünyada artan nüfuzunun əyani nümunəsidir.”

A.Məmmədov vurğulayıb ki, Vətən müharibəsində qazandığımız tarixi qələbə ölkəmiz üçün yeni inkişaf perspektivləri açmaqla yanaşı, həm də onun dünyadakı siyasi çəkisini daha da artırdı: “Cənab İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean hövzəsi üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız bölgədə əsas oyunçu olmaqla kifayətlənmir, eyni zamanda dünya dövlətləri sırasında əsas ölkə statusunu da qazanıb.

Düşünürəm ki, ötən iclasda postmüharibə dövründə Azərbaycanın həyata keçirdiyi transmilli layihələr, Vətən müharibəsindən sonra irəli sürülən nəqliyyat-kommunikasiya proyektləri, eyni zamanda koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizədə Asiya və Sakit Okean hövzəsi ölkələrində dövlətimizin geostrateji əhəmiyyəti barədə aydın təsəvvür yarandı.”

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki