Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının püşkatma mərasimi olub.
Doğru.az xəbər verir ki, püşkatma yerli və xarici hakimlərin, eyni zamanda, komandaların nümayəndələrinin iştirakı ilə keçirilib. “Prezident Kuboku-2025”də mübarizə aparan idmançıların yaş qruplarına və avarçəkmə qayıqlarının növlərinə əsasən müxtəlif kateqoriyalarda yarış proqramı müəyyənləşib.
Aprelin 30-da Qarabağın dilbər guşəsi olan Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar keçiriləcək. Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.
Mayın 2-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında reqatanın bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Bədii hissədə müxtəlif şou proqramlar, tanınmış rəqs qruplarının çıxışları və konsert proqramı tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. Reqataya həmişə olduğu kimi atəşfəşanlıqla yekun vurulacaq.
Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.
DOĞRU.AZ