Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları ilə bağlı məlumat yayıb.
Doğru.az xəbər verir ki, ANAMA-nın AZƏRTAC-a bildirdiyinə görə, dekabrın 8-dən 14-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında həyata keçirilən əməliyyatlar zamanı piyada əleyhinə 42, tank əleyhinə 18 mina, eləcə də 683 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Məlumata görə, aparılan minatəmizləmə işləri nəticəsində ümumilikdə 838,2 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Minatəmizləmə əməliyyatları azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması və bərpa-quruculuq işlərinin sürətləndirilməsi məqsədilə davam etdirilir.
DOĞRU.AZ




























