“16-cı NATO günləri” çərçivəsində Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini, Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Doğru.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfərin məqsədi Azərbaycan ilə NATO arasında əməkdaşlığın inkişafı, tərəfdaşlıq proqramları üzrə öhdəliklərin icrası və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi olub. Nümayəndə heyəti Azərbaycan Respublikası Müdafiə Nazirliyində, Heydər Əliyev adına Hərbi İnstitutda, eləcə də Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası üzrə bölmələrinin yerləşdiyi hərbi hissələrdə görüşlər keçirib.
Tədbirlərdə Azərbaycanın beynəlxalq təhlükəsizliyin təminatında fəal rolu, sülhməramlı missiyalardakı iştirakı və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında əldə etdiyi nailiyyətlər vurğulanıb. Hərbi təhsil və təlim sahəsində əməkdaşlığın əhəmiyyəti, Azərbaycan zabitlərinin NATO təlim və qərargahlarında iştirakının əməliyyat, idarəetmə və hərbi elmi biliklərin zənginləşməsinə töhfəsi diqqətə çatdırılıb.
Səfər çərçivəsində nümayəndə heyəti üçün brifinqlər, dəyirmi masa müzakirələri təşkil olunub, görüşlərin sonunda isə hədiyyə mübadiləsi aparılıb və xatirə şəkilləri çəkdirilib.
DOĞRU.AZ





























