Azərbaycan Müdafiə Nazirliyi ilə Özbəkistan Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
Doğru.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 10-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov rəsmi səfərdə olan Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov və müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə Z.Həsənov Azərbaycan və Özbəkistan arasında həyata keçirilən hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb. Özbəkistan nümayəndə heyətinin rəhbərləri isə hərbi sahədə əməkdaşlığın hər iki ordunun inkişafına və daha da güclənməsinə xidmət etdiyini qeyd ediblər.
Görüş zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, həmçinin müdafiə sahəsində qarşılıqlı maraq doğuran məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti Azərbaycan Ordusunun Baş Qərargahında tabelikdə olan baş idarə və idarələrin fəaliyyət istiqamətləri ilə tanış olub və onları maraqlandıran suallar cavablandırılıb.
DOĞRU.AZ





























