Görüşdə regional təhlükəsizlik və bərpa məsələləri də diqqət mərkəzində olub
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan və Ukrayna arasında dostluq və tərəfdaşlıq münasibətlərinə əsaslanan əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə olunub. Siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ukraynanın bir-birinin ərazi bütövlüyü və suverenliyinə daim dəstək verdiyini vurğulayıb. O, ikitərəfli münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinə – xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tərəflər həmçinin Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib. Bu xüsusda, Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti xüsusi önəm daşıdığı qeyd olunub.
Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Azərbaycanın postmünaqişə dövründə işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi və bu prosesdə Ermənistanın yaratdığı süni maneələr barədə ətraflı məlumat verib.
Nazir Andrey Sibiqa isə Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım, xüsusilə bərpa, yenidənqurma və minatəmizləmə sahəsində dəstəyi yüksək qiymətləndirib. O, 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
DOĞRU.AZ