image-n1karobka_ads
image-123
image-17489455163708931311_1200x630backend

Azərbaycanın Mədəniyyəti Yaponiyada: “Ekspo 2025”də Milli Gün Qeyd Olunacaq

Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin “Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov Yaponiyanın regionların inkişafı naziri, eləcə də “Ekspo 2025” üzrə nazir Yoşitaka İto ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında inkişaf etməkdə olan siyasi-iqtisadi, humanitar əlaqələrin əhəmiyyəti vurğulanıb, regionlararası əməkdaşlıq və digər sahələrdə birgə layihələrin perspektivləri müzakirə olunub.

Ölkəmizin “Ekspo 2025”-də fəal iştirakına və bununla da dünya sərgisinə verdiyi töhfəyə görə minnətdarlığını bildirən Yoşitaka İto Azərbaycan milli pavilyonunun Osaka sərgisində ən seçilənlər və ziyarət edilən pavilyonlar sırasında olduğunu vurğulayıb. Osakada “Ekspo 2025” çərçivəsində iyunun 5-də keçiriləcək Azərbaycan Milli Günü münasibətilə təbriklərini çatdıran Yoşitaka İto, Azərbaycan və Yaponiyanın bir sıra şəhərləri arasında gələcək əməkdaşlığın da əlaqələrin genişlənməsinə töhfə verəcəyini bildirib.

Azərbaycanın Osakadan əvvəl Milan və Dubay kimi dünya sərgilərində də müstəqil milli pavilyonla təmsil olunduğunu qeyd edən Anar Ələkbərov ölkəmizin Ekspo hərəkatına hər zaman öz töhfəsini verdiyini bildirib. Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq islərinin aparıldığını diqqətə çatdıran Anar Ələkbərov, ölkədəki bu cür genişmiqyaslı layihələrlə yanaşı, dünya sərgisində təmsil olunmağın Azərbaycanın Ekspo hərəkatına verdiyi önəmin göstəricisi olduğunu vurğulayıb.

Qeyd edək ki, Yaponiyanın Osaka şəhərində aprelin 13-dən fəaliyyətə başlayan “Ekspo 2025” dünya sərgisi oktyabrın 13-dək davam edəcək. 2000-ci ildən Ekspo sərgilərində uğurla iştirak edən Azərbaycan bu il də milli pavilyonla təmsil olunur. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyon “Dayanıqlı inkişafa doğru yeddi körpü” (Seven bridges for sustainability) mövzusunu əhatə edir. İyunun 5-də keçiriləcək Azərbaycan Milli Günü çərçivəsində isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunacaq.

DOĞRU.AZ

image-17489455161100063324_1200x630image-1748945516678414618_1200x630 image-17489455165201136290_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki