Türkiyənin paytaxtı Ankarada – Beştəpə Konqres və Mədəniyyət Mərkəzində Azərbaycanın Müstəqillik Günü münasibətilə möhtəşəm tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və Qazi Mustafa Kamal Atatürk, ümummilli lider Heydər Əliyev, eləcə də müstəqillik uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın müstəqillik günü münasibətilə göndərdiyi təbrik mesajı oxunub.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında müasir Azərbaycan Respublikasının 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etməklə istiqlal ideallarının sarsılmazlığını sübut edib. Səfir, həmçinin Azərbaycan-Türkiyə qardaşlığının tarixi və sarsılmaz əsaslara dayandığını qeyd edərək, “Biz Çanaqqalada, Bakıda istiqlal üçün bərabər çarpışan igid bir nəslin övladlarıyıq” fikrini səsləndirib.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin türk və müsəlman dünyasında ilk demokratik respublika olduğunu xatırladıb. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkənin sabit və dinamik inkişaf yoluna qədəm qoyduğunu qeyd edib.
Tədbirdə əsas dövlət qonağı – Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz da çıxış edərək Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib. O, iki ölkə arasındakı münasibətlərin 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib. Cevdet Yılmaz həmçinin 6 fevral 2023-cü il zəlzələsi zamanı və “Terrorsuz Türkiyə” təşəbbüsündə Azərbaycanın göstərdiyi dəstəyi yüksək dəyərləndirib.
Rəsmi çıxışlardan sonra Azərbaycanın xalq artistləri Azər Zeynalov, Azərin, Gülyaz Məmmədova, Habil Məmmədov və tələbələrinin, TRT Ankara Çoxsəsli Xorunun, Cumhurbaşkanlığı Simfoniya Orkestrinin və Türkiyənin tanınmış opera sənətçilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub. Musiqi proqramı dirijor Cem’i Can Deliorman və Azərbaycanın xalq artisti Elnarə Kərimovanın rəhbərliyi ilə gerçəkləşib.
Tədbirdə yüksək səviyyəli dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ictimai-siyasi xadimlər, elm adamları və media təmsilçiləri iştirak ediblər. Tədbir TRT Avaz kanalı vasitəsilə canlı yayımlanıb.
DOĞRU.AZ