image-2000x150px
image-123
image-ads_atlas
image-e11f8ce6d49bdca19a6e4cb46673dd56backend

Bakı adam və maşın tıxacında: ali məktəbləri köçürmək planı niyə alınmadı…

image-728x90px
Paytaxtda yerləşən universitetlərin şəhərdən kənara və ya ölkənin digər bölgələrinə köçürülməsi məsələsi illərdir həll edilmir

Ermənistanın dövlət ali təhsil müəssisələri üzrə islahat planı açıqlanıb. Novator.az-ın məlumatına görə, hökumətin 1 sentyabr iclasında çıxış edən baş nazir Nikol Paşinyan deyib ki, dövlət ali təhsil ocaqları, elmi tədqiqat institutları birləşdirilmə yolu ilə azaldılacaq, maksimum 8 ali məktəb qalacaq. Planın digər bölümünə əsasən, Aştarak şəhərində akademik şəhərcik yaradılacaq və dövlət ali məktəbləri paytaxt İrəvandan ora köçürüləcək.

Sentyabrın 15-də Azərbaycanda ali və orta məktəblərdə yeni dərs ili başlayacaq ki, indidən Bakının halına ağlamaq da olar. Tıxaclar artacaq, adamlar çoxalacaq və ənənəvi problemlər yenidən başlayacaq.

Ölkəmizdə 51 ali təhsil müəssisəsi, o cümlədən 40 dövlət (ondan 7-si ali xüsusi təyinatlı təhsil müəssisəsi), 11 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin ali təhsil müəssisələrinin 9-u ölkənin ayrı-ayrı region və şəhərlərində (Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir, Lənkəran) yerləşir. Bundan əlavə 3 dövlət ali təhsil müəssisəsinin 7 filialı respublikanın ayrı-ayrı şəhər və rayonlarında fəaliyyət göstərir.

Bakı şəhərində yerləşən ali məktəblərin paytaxtdan kənarda və ya ölkənin digər bölgələrinə köçürülməsi məsələsi illərdir müzakirə olunsa da, bu məsələdə heç bir irəliləyiş yoxdur. Hökumətdə bəziləri belə hesab edirdi ki, paytaxtın mərkəzində tıxacları azaltmaq üçün tədbirlərdən biri kimi universitetləri harasa şəhər ətrafına köçürmək, onlar üçün yeni binalar və kampuslar inşa etmək lazımdır. Bəzi ekspertlər isə hesab edir ki,  universitetləri Bakıdan köçürmək və onlara müasir binalar, kampuslar tikmək ideya olaraq pis deyil. Ancaq bu, real ideya da deyil. Çünki bu köçürmə bir neçə aspektdən ciddi işlənib hazırlanmalıdır, hökumət, müxtəlif dövlət strukturları səviyyəsində müzakirə olunmalıdır. Digər tərəfdən, bu cür iri layihəni həyata keçirmək böyük vəsait tələb edir. Amma bu problem öz ciddiyyətini qoruyur və hökumət nə vaxtsa bu problemin həlli üçün əməli işə keçməlidir.

Avtomobil almaq istəyən şəxslərin qarşısında bu iki problem dayanır – ekspert açıqlayır - 28.06.2021, Sputnik Azərbaycan

Eldəniz Cəfərov 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Bu gün Azərbaycanın bir çox universitetləri paytaxt Bakının mərkəzində cəmləşib. Düzdür, bölgələrdə, digər şəhərlərimizdə də universitetlər mövcuddur. Amma say baxımından Bakının mərkəzində belə universitetlərin sayı çoxdur. Mərkəzdəki universitetlərin şəhər kənarına çıxarılması mümkündür. Çünki bu gün bizim iqtisadiyyatımız dayanıqlıdır. Bugünkü iqtisadiyyatımız bizə imkan verir ki, nəinki universitetləri Bakının kənarına aparıb köçürək, hətta yeni universitetlər belə Bakının ətrafında tikə bilərik. Həm də bu gün ali təhsilin böyük hissəsi Azərbaycanda pulludur. Tələbələrin ödədiyi təhsil haqqı universitetlərin balansına köçürülür. Hər bir universitetin balansında olan məbləğlə həmin universitetlərin yeni binasını da, yeni filiallarını da Bakı kənarında tikmək mümkündür”.

Fərəc Quliyev: “Mitinqləri alver obyektinə çeviriblər”

Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Bununla bağlı müəyyən müzakirələr getsə də, ciddi addımlar atılmayıb. Mütəxəssislər maraqlı fikirlər söyləmişdilər, müxtəlif variantlar var idi. Dünya təcrübəsində olduğu kimi universitetləri ölkədən çıxarmaq məsələsi var idi. Eləcə də yeraltı tunellər, yaxud dairəvi yolların açılması, mövcud yolların çıxışlarının daha da artırılması kimi ideyalar var idi. Bakı ağır şəhərdir, hamımız bu narahatlığı yaşayırıq. Amma hesab edirəm ki, müəyyən tədbirlər görmək mümkündür. Köklü tədbirlər görmək üçün də böyük bir layihə hazırlamaq lazımdır ki, yamaq xarakteri daşımasın. Əslində Bakıda ciddi şəkildə kifayət qədər süni problem yaradıblar. Binaların tikintisi ilə bağlı küçələr daraldılıb, istənilən yerdə bina tikilib. Layihəsiz, ağıllarına gələni ediblər. Təbii ki, indi bunları tələsik aradan qaldırmaq çətindir. İndi operativ olaraq qısa zaman ərzində minimum proqram hazırlamaq mümkündür və lazımdır. Amma bütövlükdə Bakının yüngülləşdirilməsi üçün ciddi tədbirlər görülməlidir. Bakının mərkəz statusuna baxmaqdan tutmuş, universitetlərin köçürülməsi, nazirliklərin köçürülməsi, əyalətlərdə müəyyən strukturların yerləşməsini təmin etmək kimi tədbirlər görülməlidir. Bununla bağlı mütəxəssislərin daha doğru fikir söyləyəcəyinə inanıram. Amma hərəkətsizliyə də son qoymaq lazımdır. Uzun illərdir müzakirə olunsa da, real olaraq addım atılmır. Yalnız kosmetik işlər görülüb”.

Quliyev əlavə edib ki, universitetlərin şəhər ətrafına köçürülməsi üçün böyük vəsait də tələb olunmur: “Bir körpü tikirlər, neçə milyonlarla xərc çəkirlər. Bir yolun tikintisinə 60-70 milyon pul xərclənir. Pulların çox kiçik hissəsini xərcləməklə bu məsələni həll etmək olar. Üstəlik, məsələyə daha böyük miqyasda baxsaq, ümumiyyətlə, urbanizasiyanın aradan qaldırılması baxımından yanaşsaq, bunların kökü daha dərinə gedir. Artıq əyalət siyasətini də qurmalıyıq ki, insanlar yavaş-yavaş əyalətlərə qayıtsın. Biz elə etməliyik ki, universitetlərin bir hissəsi Bakıdan kənara çıxsın. Bu, böyük bir siyasətin tərkib hissəsi olmalıdır. Bu məsələdə üç proqram olmalıdır. Birinci minimum proqram olmalıdır. Orta məqsədli, üçüncü isə siyasi islahatlarla birləşdirərək Bakını xilas etmək mümkündür”.

Azərbaycanda böyük qalmaqala səbəb olan dərsliyin müəllifi danışdı - 09.10.2017, Sputnik Azərbaycan

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, paytaxtdan kənara köçürülməyə ehtiyacı olan universitetlər  Dillər Universiteti, İqtisad Universiteti, Slavyan Universiteti və Pedaqoji Universitetdir: “Çünki bu universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin Sumqayıt , Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməsi daha effektiv olardı. Bu həm də Bakıətrafı ərazilərin də inkişafına təkan verərdi. Dünya təcrübəsinə baxanda görürük ki, Amerikada və dünyanın başqa böyük ölkələrində universitetlər şəhərdə də, şəhərdən kənarda da yerləşir. Qardaş Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib gələ bilərlər. Xatırladım ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur. Bu, o deməkdir ki, yaxın vaxtlarda biz universitetlərin Bakıdan kənara köçürülməsinin şahidi ola bilərik. Bütün universitetlərin şəhərdən kənara köçürülməsinə ehtiyac yoxdur. O universitetləri köçürmək lazımdır ki, onlar şəhərin mərkəzində tıxacların yaranmasına səbəb olur, gediş-gəlişi çətinləşdirir. Elə universitetlər var ki, onların həyətləri, sahəsi, bağ-baxçası yoxdur. Həmin universitetlərin şəhərin mərkəzində olmasının heç bir əhəmiyyəti yoxdur. Bəzi institutların, maşın saxlamaq, tələbələrin hərəkəti üçün yol problemi var. Şəraiti olmayan ali təhsil ocaqlarının şəhər kənarında ayrıca bir şəhərcikdə yerləşdirilməsi daha məqsədəuyğun olardı. Qeyd edim ki, artıq Lomonosov adına Moskva Dövlət Univeristetinin Bakıdakı filialı və Bakı Ali Neft Məktəbi şəhər ətrafına köçürülüb. Önəmli olan təhsilin keyfiyyətidir. Universitetin harada olmasından aslı olmayaraq, bütün güc təhsilin səviyyəsinin qaldırılmasına yönəldilməlidir”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki