Müqəddəs Qurban Bayramı münasibətilə Sabirabad rayonunda şəhid ailələri ziyarət olunub, onlara qurban sovqatları təqdim edilib.
Doğru.az xəbər verir ki, aksiya Sara Xatun Mədəni Maarifçilik İctimai Birliyinin əməkdaşlığı və “Ürəkdən Ürəyə” Sosial-Mədəni Təşəbbüslər Platformasının “Əsgərə Xatirə” layihəsi çərçivəsində həyata keçirilib.
Tədbirdə fəxri qonaq qismində dəyərli ziyalı, fəlsəfə elmləri doktoru və təşkilat rəhbəri İradə Elili, Sabirabad Rayon Veteranlar Təşkilatının sədri, Qarabağ qazisi Faiq Hüseynov iştirak ediblər. Görüşün təşkilatçısı isə ictimai fəal, təhsil eksperti və layihə rəhbəri Nuranə Şixəliyeva olub.
Ziyarət zamanı şəhid ailələri ilə səmimi görüşlər keçirilib, onların qayğı və düşüncələri dinlənilib, bayram münasibətilə xoş arzular çatdırılıb. Bildirilib ki, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin yaşadılması və ailələrinə diqqət göstərilməsi hər bir vətəndaşın mənəvi borcudur.
Qeyd olunub ki, bu cür təşəbbüslər gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, qəhrəmanlıq tariximizin gələcək nəsillərə düzgün çatdırılmasına mühüm töhfə verir.
Tədbir iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının hər kəs üçün nümunə olduğunu vurğulayıblar.
Qurban Bayramının birlik, mərhəmət və paylaşmaq dəyərlərini əks etdirən bu təşəbbüs milli həmrəyliyin və vətən sevgisinin daha da güclənməsinə xidmət edən mühüm addım kimi dəyərləndirilib.
DOĞRU.AZ


























