Son zamanlar avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələrinə tez-tez rast gəlinir. Məlumatlara görə, ölkəmizdə atmosferə atılan çirkləndirici maddələrin təxminən 88 faizi məhz avtomobillərdən atılan tullantıların payına düşür.
Doğru.az xəbər verir ki, bu problemi aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2025-ci il oktyabrın 20-dən noyabrın 20-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək.
Aksiyanın məqsədi nəqliyyat vasitələrindən atmosferə atılan zərərli qazların miqdarını azaltmaq və ətraf mühitin mühafizəsinə töhfə verməkdir. Bununla əlaqədar sürücülərdən avtomobillərinin yanacaq sistemini saz vəziyyətdə saxlamaq, nasaz nəqliyyat vasitələrindən istifadədən çəkinmək tövsiyə olunur.
Qeyd edək ki, ətraf mühitə normadan artıq tullantı atan avtomobillərin idarə olunmasına və istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliyə uyğun qaydada məsuliyyət daşıyırlar.
DOĞRU.AZ