Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. İyulun 4-də Baş prokuror Kamran Əliyev Yardımlı Rayon Prokurorluğunun inzibati binasında Yardımlı, Masallı, Cəlilabad rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 19 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.
DOĞRU.AZ