Doğru.az xəbər verir ki, 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada mayın 12-də vəfat etməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb. Hazırda istintaq orqanları tərəfindən intensiv araşdırmalar aparılır.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilir ki, hadisənin bütün halları, səbəbləri və mexanizminin hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədilə zəruri ekspertizalar təyin olunub. Daxili işlər orqanları ilə birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Məlumatda o da qeyd olunur ki, istintaqın ilkin mərhələsində əldə edilən sübutlar əsasında hadisənin baş vermə səbəblərinə dair bütün mümkün versiyalar – intihar, ehtiyatsızlıqdan ölüm, yıxılma və ya digər şəxslər tərəfindən bədən xəsarəti yetirilməsi kimi ehtimallar araşdırılır.
Lakin bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən hadisə ilə bağlı dəqiqləşdirilməmiş və istintaqla ziddiyyət təşkil edən məlumatların paylaşılması, xüsusilə zərərçəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarət izlərinin sayı, xarakteri və səbəbi ilə bağlı reallığı əks etdirməyən iddiaların yayılması narahatlıq doğurur.
“Belə əsassız məlumatların tirajlanması cəmiyyətdə süni ajiotaj yaradır və ictimaiyyətin doğru informasiya ilə təmin olunmasına xələl gətirir”, – deyə birgə məlumatda vurğulanır.
Baş Prokurorluq və DİN ictimaiyyətə çağırış edərək bildirir ki, aparılan istintaq müddətində cinayət işi üzrə məlumatlar yalnız rəsmi mənbələrdən əldə edilməli, xüsusilə həssas məsələlərdə məsuliyyətli və qanunlara uyğun davranılmalıdır.
Sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan istintaqın gedişinə mane ola biləcək və çaşqınlıq yarada biləcək informasiyaların yayılmaması xahiş olunur.
Qurumlar bildiriblər ki, ibtidai istintaqın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
DOĞRU.AZ