Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) müvafiq qaydada qablaşdırılmadan və xüsusi örtüklərlə təmin olunmadan daşınan qum, çınqıl, torpaq, daş və digər materialların yollara səpələnməsinin ciddi təhlükə yaratdığını açıqlayıb.
Doğru.az bildirir ki, belə hallarda görünüş dairəsi məhdudlaşır, nəqliyyat vasitələrinin təkərlərinin yol örtüyü ilə təması azalır, bu isə idarəetmənin itirilməsinə, əyləc yolunun uzanmasına və tozlu hava effekti nəticəsində görmə imkanlarının zəifləməsinə gətirib çıxarır. Nəticədə ağır qəzaların baş verməsi riski artır.
Həmçinin, maye tərkibli yüklərin nəqliyyat vasitələrində düzgün yerləşdirilməməsi manevr zamanı yolun hərəkət hissəsinə yayılaraq digər iştirakçılar üçün real təhlükə yaradır.
BDYPİ sürücülərə və yük göndərənlərə xatırladır ki, yüklər yalnız qaydalara uyğun yerləşdirildikdən və müvafiq örtüklərlə möhkəmləndirildikdən sonra yola buraxılmalıdır. Bu, təhlükəsizliyin təmin olunması və qəzaların qarşısının alınması üçün əsas şərtdir.
DOĞRU.AZ