BMT Turizm Təşkilatı çərçivəsində Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Nazirlər Sammitində Azərbaycan da təmsil olunub.
Doğru.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova 20-yə yaxın ölkənin turizm nazirlərinin iştirak etdiyi müzakirələrə qatılıb.
Sammit çərçivəsində Özbəkistanın Dövlət Turizm Komitəsinin sədri Abdulaziz Akkulov ilə görüş keçirilib. Görüşdə iki ölkə arasında turizm sahəsində hədəf bazarlar, təşviqat strategiyaları və birgə fəaliyyət istiqamətləri müzakirə olunub. 2025-ci ilin aprel ayında Azərbaycan Turizm Bürosu ilə Özbəkistan Milli Təbliğat Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun görülən işlər nəzərdən keçirilib, əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə edilib.
Səfər çərçivəsində Azərbaycanın Almaniyadakı səfirliyində turizm sənayesi nümayəndələri ilə də görüş baş tutub. Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev çıxışında ölkəmizin zəngin turizm potensialını vurğulayıb.
Azadə Hüseynova isə Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq tədbirlər barədə məlumat verib. Daha sonra Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm imkanlarını əks etdirən təqdimat nümayiş olunub və iştirakçıların sualları cavablandırılıb.
DOĞRU.AZ



























