Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, AMEA-nın həqiqi üzvü, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə ədəbi-musiqili tədbir keçirilib.
Doğru.az xəbər verir ki, muzeyin direktoru akademik Rafael Hüseynov şairin ömür yoluna nəzər salıb, zəngin ədəbi irsi və milli poeziyada yaratdığı yeniliklərdən danışıb. O, Bəxtiyar Vahabzadənin yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün ortaq şəxsiyyət olduğunu, poeziyasında insanı azadlığa, dürüstlüyə və Vətənə sədaqətə çağıran güclü ruhun yaşadığını vurğulayıb.
Akademik həmçinin şairin milli azadlıq hərəkatında rolu, sovet dövründə yazdığı “Gülüstan” poemasına görə təqib olunması və Ulu Öndər Heydər Əliyevin onu qoruyub yüksək mükafatlarla təltif etməsini xatırladıb. Bəxtiyar Vahabzadənin həm də müəllimlik etdiyini, Azərbaycan dilinin saflığı və zənginləşməsi uğrunda mübarizə apardığını bildirib.
Tədbir çərçivəsində şairin yaradıcılığından nümunələr səsləndirilib, sözlərinə bəstələnmiş mahnılar ifa olunub, rəqs nömrələri təqdim edilib. Bədii hissə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin istedadlı gəncləri tərəfindən göstərilib və mərkəz Ədəbiyyat Muzeyi tərəfindən fəxri fərmanla təltif edilib.
Qeyd edək ki, tədbir Muzeyin Həmkarlar İttifaqı Komitəsi və Məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin birgə əməkdaşlığı ilə baş tutub.
DOĞRU.AZ




























