Azərbaycanlı alpinist Vəfa Musayeva dünyanın ən hündür zirvəsi olan Everestə qalxaraq böyük bir tarixi uğura imza atıb. Bu möhtəşəm nailiyyətə gedən yolda onun əsas tərəfdaşlarından biri “Birbank” olub.
Everest dağı 8848 metr yüksəkliyi ilə Nepal və Çin sərhədində yerləşir və dünyanın ən çətin və təhlükəli dağlarından sayılır. Burada ekstremal hava şəraiti, oksigen çatışmazlığı, şaxta və güclü küləklər alpinistlərin qarşısında böyük çətinliklər yaradır.
Vəfa Musayeva bildirib ki, bu zirvəyə qalxmaq üçün uzun illər ciddi hazırlıq görüb və son iki ildə xüsusi məşqlər edib:
“Mən səkkiz ildir Everesti fəth etməyi düşünürdüm. Çətinliklər çox olsa da, məqsədimdən vaz keçmədim və bunu bacardım,” – deyə o qeyd edib.
Alpinist “Birbank”ın ona göstərdiyi dəstəyin vacib rol oynadığını vurğulayıb:
“Birbank komandası hər gün mənimlə əlaqə saxlayır, motivasiya verirdi. Onların inamı və dəstəyi mənə böyük güc verdi və Azərbaycan üçün irəliləmək üçün ilham mənbəyi oldu.”
Zirvəyə çatdığı anları xatırlayan Vəfa Musayeva bildirib:
“Zirvəyə çatanda alnımı dağa qoydum və ona təşəkkür etdim. Dağlar müqəddəsdir, səni çağırmalı və qəbul etməlidir. Sonra bayrağımızı səmaya qaldırdım və bu anı əbədi yaddaşımda saxladım.”
Qeyd edək ki, “Birbank” qadınların liderlik və təşəbbüskarlıq sahəsində inkişafını daim dəstəkləyir və Vəfa Musayevanın uğurunu qadın gücünün və milli qürurun təcəssümü kimi qiymətləndirir.
DOĞRU.AZ