“Xızı–Bərmək mahalının ziyalıları” kitabının üz qabığında Azərbaycanın tanınmış idman xadimi, professor Cavanşir Qurbanovun şəklinin yer alması ailəsi üçün böyük qürur və fəxarət mənbəyinə çevrilib.
Doğru.az xəbər verir ki, Polkovnik Cəlal Qurbanov bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, kitabın üz qabığında Azərbaycanın müstəqillik rəmzi Məmmədəmin Rəsulzadə, dramaturq Cəfər Cabbarlı, şair Mikayıl Müşfiq, ilk alim-cərrah və EA-nın ilk prezidenti Mirəsədulla Mirqasımov kimi şəxsiyyətlərlə yanaşı, idman sahəsini təmsil edən ziyalı kimi Cavanşir Qurbanovun yer alması ikiqat qürur doğurur.
“Cavanşir müəllim ömrü boyu gördüyü işlərlə önə çıxmağı sevmədi. Amma onun insanlığı, dürüstlüyü, sədaqəti və təmkinli duruşu onu hər zaman seçilənlər sırasına yazdı. Bu kitabda adının yaşadılması bizim üçün sadəcə bir tarixi qeyd deyil, bir nəsil borcunun yerinə yetməsi, bir insanlıq dəyərinin millət yaddaşına əmanət edilməsidir”, – deyə Cəlal Qurbanov qeyd edib.
Cavanşir Qurbanov uzun illər Yasamal Rayon Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərməklə yanaşı, idman camiəsinin də ağsaqqalı olub.
Qurbanovlar ailəsi bu dəyərli nəşrin müəllifi Emil Cəfərova təşəkkür edərək, onun atasının xatirəsini yaşatmaqla həm kövrəldiyini, həm də qürurlandırdığını bildirib.
DOĞRU.AZ