Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum gününə həsr olunmuş çövkən oyunu üzrə 12-ci Prezident Kubokunun final görüşü və mükafatlandırma mərasimi keçirilib.
Doğru.az xəbər verir ki, Federasiyadan verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mərasimdə Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri, rəqs ansamblı və tanınmış sənətçilər musiqi və rəqs proqramları ilə çıxış edərək tədbirə xüsusi ab-hava qatıb.
Altı komandanın iştirak etdiyi turnirdə əvvəlcə 3 qrup oyunu keçirilib. Qruplarda birinci və ikinci yerləri tutan komandalar yarımfinal mərhələsində mübarizə aparıblar. Yarımfinaldan sonra qaliblər çempionluq, məğlub komandalar isə üçüncülük uğrunda qarşılaşıblar.
Üçüncü yer uğrunda keçirilən gərgin görüşdə “Sərhədçi” komandası “Embavud”u 2:1 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.
Prezident Kubokunun finalında isə “Elit” komandası “Polad” kollektivini 3:2 hesabı ilə üstələyərək turnirin qalibi olub.
Final görüşündən sonra qalib və mükafatçılara kubok, medal və diplomlar təqdim edilib.
DOĞRU.AZ





























