image-n1karobka_ads
image-123
image-17521517503224416136_1200x630backend

DİN-də 2025-ci ilin altı ayının nəticələri müzakirə olunub – FOTO

image-ad_qayo_720x110px

İyulun 10-da Daxili İşlər Nazirliyində (DİN) 2025-ci ilin birinci yarısına dair əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

Doğru.az xəbər verir ki, tədbiri daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov açaraq cinayətkarlıqla mübarizə sahəsində əldə olunan müsbət nəticələri diqqətə çatdırıb. O bildirib ki, ictimai asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi və vətəndaşların qanuni mənafelərinin müdafiəsi istiqamətində mühüm işlər görülüb.

Hesabat dövründə ölkə üzrə ümumilikdə 17 min 49 cinayət qeydə alınıb, onların 94,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən araşdırılıb. Əvvəlki illərlə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin sayı 18,9 faiz, odlu silah tətbiqi ilə törədilən cinayətlər iki dəfə, məişət zəminində baş verənlər 5,5 faiz azalıb.

Axtarışda olan şəxslərin 79,7 faizi tutulub, 2 min 196 cinayətin üstü açılıb, 4 min 344 hüquqazidd əməlin qarşısı alınıb. Əməliyyat tədbirləri zamanı 3 min 378 ədəd müxtəlif növ atıcı silah aşkarlanıb, qeyri-leqal dövriyyədən 2 ton 958 kiloqram narkotik çıxarılıb, 151 tondan artıq narkotik xassəli bitki məhv edilib.

Nazir həmçinin qeyd edib ki, əvvəlki illərdən bağlı qalan cinayətlərin açılması istiqamətində Baş Prokurorluqla birgə yaradılmış işçi qrupun fəaliyyəti müsbət nəticələr verib. Mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində 305 kriminal qrup, o cümlədən ağır cinayətlər törətmiş 103 dəstə zərərsizləşdirilib.

Vətəndaşların qəbulu sahəsində də aktivlik müşahidə olunub – mediada öncədən elan edilməklə 4 min 32 nəfər qəbul edilib və onların müraciətlərinin əksəriyyəti müsbət həllini tapıb.

Vilayət Eyvazov Kollegiyanın yekununda qarşıya qoyulan vəzifələrin uğurla icra edildiyini qeyd edərək, fəaliyyətin daha da effektiv təşkil olunması və vətəndaş məmnunluğunun artırılması istiqamətində tapşırıq və tövsiyələrini verib. O, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas prioritetlərə uyğun olaraq hüquq-mühafizə orqanlarının fəaliyyətinin daim təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

DOĞRU.AZ

image-17521517501032423336_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki