Son günlər dörd ölkə – Almaniya, Gürcüstan, Şimali Makedoniya və Mərakeş müxtəlif cinayət əməllərinə görə axtarışda olan ümumilikdə 10 nəfəri Türkiyəyə təhvil verib.
Doğru.az xəbər verir ki, Türkiyəyə gətirilən şəxslərdən yeddisi İnterpolun beynəlxalq axtarış siyahısında olub, üçü isə ölkə daxilində axtarışda olan şəxslərdir.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlamasında bildirib ki, cinayətdə şübhəli bilinən şəxslərin əksəriyyəti Almaniya (4 nəfər) və Gürcüstan (3 nəfər) tərəfindən Türkiyəyə təhvil verilib. Nazir, sosial mediada paylaşdığı fotoşəkillərlə birlikdə, həmin şəxslərin narkotik qaçaqmalçılığı, terrorizm, qanunsuz silah saxlama, fırıldaqçılıq, oğurluq və digər cinayətlərdə iştirak etdiklərinə görə axtarıldığını qeyd edib.
A. Yerlikaya cinayətkarların xaricə qaçmasının ədalətdən yayınmağa kömək etməyəcəyini vurğulayaraq, hüquq-mühafizə orqanlarının bu istiqamətdə birgə əməkdaşlığının davam edəcəyini bildirib.
DOĞRU.AZ




























