image-2000x150px
image-123
image-ads_atlas
image-5982e32d160283511041957172110605678-1backend

Dövlətimiz müharibə veteranlarının qayğısız yaşamaları üçün zəruri sosial müdafiə tədbirləri həyata keçirir

image-728x90px

Böyük insan fəlakətinə yol açmış 1941-1945-ci illər müharibəsinin başa çatmasından 76 il ötür. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Bu gün Azərbaycan xalqı 9 May qəhrəmanlarının xatirəsini ehtiramla yad edir və dövlətimiz müharibə veteranlarının qayğısız yaşamaları üçün zəruri sosial müdafiə tədbirləri həyata keçirir.

1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbənin əldə edilməsində Azərbaycan xalqının xüsusi xidmətləri vardır. Azərbaycan xalqının İkinci dünya müharibəsinin müsbət sonluqla yekunlaşmasında iştirakı təkcə igid oğul və qızlarının döyüş meydanına göndərməsi ilə məhdudlaşmır, eyni zamanda faşistlərin tarix səhnəsindən silinməsində Bakı neftinin də misilsiz rolu olmuşdu. Bu gün tarixçilər etiraf edirlər ki, Bakı nefti olmadan sovet ordusu müharibədə qələbə qazana bilməyəcəkdi. Müharibə illərində sovet ordusunun yanacağa olan tələbatının 80 faizini məhz Azərbaycan ödəmişdi. 1941-ci ildə keçmiş SSRİ-də təqribən 33 milyon ton neft istehsal olunmuşdu ki, bunun da 23,6 milyon tonu Azərbaycanın payına düşürdü. Bundan əvvəl, Azərbaycanda bu qədər neft hasil olunmamışdı. Qeyd etmək yerinə düşər ki, müharibə illəri ərzində Bakıda ümumilikdə 75 milyon ton neft istehsal olunmuşdu ki, bu da ümumittifaq səviyyədə hasil olunan neft həcminin dörddə-üçünə  bərabər idi. Bir sözlə, yüzlərlə şəhərin və minlərlə kəndin yer üzündən silinməsinə, milyonlarla insanın həlak olmasına səbəb olmuş müharibədə qazanılmış qələbəyə Azərbaycan xalqı müstəsna  töhfə vermişdi.

Amma təəssüf ki, müstəqilliyimizin ilk vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Azərbaycan xalqının Böyük Vətən müharibəsində yazdığı qəhrəmanlıq salnaməsini silməyə, üzərinə kölgə salmağa cəhd göstərmişdi. Baxmayaraq ki, o illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü daha geniş miqyas alırdı və qanlı döyüşlərdə müharibə veteranlarının döyüş təcrübəsindən və xüsusən, mənəvi yardımından istifadə etmək mümkün idi. Hakimiyyətin öz vətəndaşlarına belə etinasızlığı ahıl yaşlarında olan veteranların mənəvi sarsıntısına gətirib çıxarmışdı. Müharibənin çətin sınaqlarına mərdliklə sinə gərən, od-alovdan çıxan fədakar insanlar dövlətin nəinki diqqət və qayğısından məhrum olmuş, hətta əsassız qınaqlarla, ittihamlarla üzləşmişdilər. 9 Mayın Azərbaycan xalqının bayramı olmaması ilə bağlı aparılan təbliğat, böyük qəhrəmanlığın üstündən xətt çəkmək niyyəti bütün cəmiyyətdə narazılıqla qarşılanırdı.

1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoyduğu kimi, 9 May – Qələbə Gününə və müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibəti də birdəfəlik aradan qaldırıldı. Ulu Öndər faşizm üzərindəki qələbənin və müharibə veteranlarının gözdən salınmasına yönələn siyasətin cinayət olduğunu bildirdi.

Bu gün Azərbaycanda 9 May – Qələbə bayramı qeyd edilir və qanlı müharibədə həlak olmuş 350 min soydaşımızın xatirəsi yad olunur. Bununla yanaşı, hazırda veteranlara dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyev veteranlar haqqında belə deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.

Bu siyasət bu gün də davam etdirilir. Veteranlara ­Prezident təqaüdünün verilməsi, onlara birdəfəlik maddi yardımın göstərilməsi, mənzil və avtomobillərlə təmin edilməsi, sanatoriya və xəstəxanalarda pulsuz müalicə olunmaları buna bariz nümunədir. Prezident İlham Əliyev Böyük Vətən Müharibəsində iştirak etmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə mütəmadi olaraq sərəncam imzalamaqla veteranlara diqqət və qayğının davamlı olduğunu təsdiqləyir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputat

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki