Bu barədə açıqlama verən qastroenteroloq Dr. Səadət Bayramova bildirib ki, Hepatit C diaqnozu alan şəxslər qətiyyən təşvişə düşməməli, xəstəliyi gizlətməməli və vaxtında həkimə müraciət etməlidirlər. Onun sözlərinə görə, düzgün və ardıcıl müalicə ilə bu virus orqanizmdən tamamilə təmizlənə bilər.
Doğru.az xəbər verir ki, həkim qeyd edib:
Hepatit C bu gün artıq qorxulu xəstəlik sayılmır. Əsas məsələ xəstəliyin vaxtında aşkarlanması və müasir müalicə protokollarına uyğun şəkildə müalicə olunmasıdır. Hazırda tətbiq edilən dərman preparatları yüksək effektivliyə malikdir və xəstələrin böyük əksəriyyəti tam sağalır.
Dr. Səadət Bayramova vurğulayıb ki, bəzi insanlar Hepatit C diaqnozu ilə bağlı cəmiyyətin münasibətindən çəkinir və bu səbəbdən həkimə müraciəti gecikdirirlər. Bu isə xəstəliyin qaraciyərdə ciddi fəsadlar yaratmasına səbəb ola bilər. “Əgər bu xəstəlik varsa, utanmadan, çəkinmədən mütləq həkimə müraciət edin. Düzgün müalicə aldıqda sağlamlığınıza yenidən qovuşmaq mümkündür”, – deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, Hepatit C uzun müddət simptomsuz keçə bildiyi üçün bir çox hallarda təsadüfən aşkarlanır. Buna görə də vətəndaşlara vaxtaşırı tibbi müayinələrdən keçmək, qan analizlərini etdirmək tövsiyə olunur.
Sonda həkim qeyd edib ki, erkən diaqnoz və düzgün müalicə Hepatit C-nin ağır nəticələrinin qarşısını alır və xəstələr normal həyat tərzinə qayıda bilirlər.
DOĞRU.AZ




























