İyulun 8-də Ədliyyə Akademiyasında hakimliyə namizədlər üçün təşkil edilən icbari tədris çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov “Ədalət mühakiməsinin təmin edilməsində vəkillik institutunun rolu” mövzusunda çıxış edib.
Doğru.az xəbər verir ki, Anar Bağırov çıxışı zamanı namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, Vəkillər Kollegiyasında son illərdə həyata keçirilən islahatlar, institusional inkişaf və qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verib.
Sədr, icbari tədrisin nəzəri biliklərin artırılması, peşə hazırlığının gücləndirilməsi və beynəlxalq təcrübənin mənimsənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
A.Bağırov, həmçinin, vəkillərin sayında müşahidə olunan artımı qeyd edərək vəkilliyin artıq məhkəmə hakimiyyəti üçün əhəmiyyətli kadr potensialına çevrildiyini bildirib. Onun sözlərinə görə, məhkəmə sistemində təmsil olunan vəkillər öz bilik və təcrübələri ilə hüquq islahatlarına mühüm töhfə verir.
Çıxış zamanı vəkillərin etik davranış qaydaları, qeyri-prosessual münasibətlərə yol verilməməsi və hakim-vəkil münasibətlərinin etik çərçivəsi ilə bağlı praktiki məqamlara da toxunulub. Tədris sessiyası interaktiv fikir mübadiləsi ilə davam edib.
Sonda Anar Bağırov Ədliyyə Akademiyasının rəhbərliyi tərəfindən tədris prosesindəki səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.
DOĞRU.AZ