Ədliyyə Nazirliyi vətəndaş məmnuniyyətinin artırılması və bölgələrdə yaşayan sakinlərin müraciətlərinə operativ cavab verilməsi məqsədilə mütəmadi olaraq videoqəbullar keçirir.
Doğru.az xəbər verir ki, iyulun 11-də regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidov Şirvan, Bərdə, Lənkəran, Gəncə, İmişli, Xaçmaz və Göyçay regional ədliyyə idarələrinin yurisdiksiyalarına daxil olan rayon sakinləri ilə videokonfrans formatında görüş keçirib.
Videoqəbul zamanı penitensiar sahə ilə bağlı müxtəlif müraciətlər dinlənilib, bir sıra məsələlər yerindəcə həllini tapıb. Vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub, təqdim olunan müraciətlər isə müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Region sakinləri belə videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron ünvanına və ya aidiyyəti regional ədliyyə idarələrinə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
DOĞRU.AZ