Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 1 628 nəfər əlilliyi olan şəxsi evlərində (səyyar) reabilitasiya xidmətləri ilə təmin edib.
Doğru.az xəbər verir ki, xidmətlər həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, bədən tərbiyəsi və əmək terapiyasını əhatə edir.
Səyyar xidmətlərdən yaşayış yerini tərk etməkdə çətinlik çəkən əlilliyi olan şəxslər yararlana bilər. Bunun üçün vətəndaş (və ya qanuni nümayəndəsi) nazirliyin “142” Çağrı mərkəzinə, DOST mərkəzlərinə və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir.
Müraciət əsasında müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqada şəxsin yaşadığı ünvanda ilkin müayinə və qiymətləndirməni aparır. Faktiki vəziyyət uyğun olarsa, fərdi reabilitasiya planı hazırlanır və xidmətlər müəyyən müddət ərzində evdə göstərilir.
DOĞRU.AZ