Fövqəladə Hallar Nazirliyi (FHN) yay fəslinin yaxınlaşması ilə əlaqədar meşələrdə yanğın təhlükəsinin artdığını nəzərə alaraq əhaliyə müraciət edib.
Nazirlikdən Doğru.az-a verilən məlumata görə, havaların isinməsi fonunda istirahət məqsədilə meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayı kəskin artıb. Bu isə meşə yanğınlarının yaranma ehtimalını ciddi şəkildə yüksəldir.
FHN bildirir ki, ötən illərin təhlili nəticəsində meşə yanğınlarının əsas səbəbləri arasında vətəndaşların sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və məsuliyyətsiz davranışı ön plana çıxır. Ən xırda ehtiyatsızlıq – söndürülməmiş siqaret kötüyü, kibrit çöpü, hətta şüşə qırığı belə ciddi fəlakətə səbəb ola bilər.
Nazirlik meşə və ətraf ərazilərdə yaşayan sakinlərə, eləcə də təbiətdə istirahətə yollanan hər kəsə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyi tövsiyə edir:
Tonqal yalnız xüsusi ayrılmış yerlərdə və küləksiz havada qalansın;
Quru ot və kollardan uzaq ərazilər seçilsin, tonqalın ətrafı 0.5-1 metr radiusda təmizlənsin;
Tonqal nəzarətsiz qoyulmasın, ərazi tərk edilərkən tam söndürülsün;
Siqaret kötükləri, kibrit çöpləri, şüşə əşyalar və yanar materiallar ətrafa atılmasın.
Unutmayaq: Təbiət hamımızındır. Onu qorumaq isə hər birimizin vətəndaşlıq borcudur!
DOĞRU.AZ