Doğru.az xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin olunub.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Xalq artisti, bəstəkar Aygün Səmədzadə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin edilib.
Aygün Səmədzadə musiqi təhsilinə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə başlayıb, daha sonra təhsilini Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Tarix-nəzəriyyə fakültəsində davam etdirib. Uzun illər bu ali məktəbdə Musiqi tarixi kafedrasında müəllim kimi çalışıb.
2003-cü ildə görkəmli Türkiyə bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.
Aygün Səmədzadə 200-dən artıq mahnının müəllifi, teatr və kino sahəsində də məhsuldar yaradıcılıqla seçilən sənətkardır. Onun musiqiləri Elçin, Hüseyn Cavid, İlqar Fəhmi, Stefan Sveyqin əsərləri əsasında hazırlanmış tamaşalarda, eləcə də “Əlavə təsir”, “Sirr”, “Axırıncı dayanacaq” kimi filmlərdə səslənib.
Bəstəkarın yaradıcılığı dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 2011-ci ildə “Əməkdar incəsənət xadimi”, 2018-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
DOĞRU.AZ