image-2000x150px
image-123
image-ads_atlas
image-1659422891_2backend

“güllələnmədi”, “aparmağa gələndə” – kim gələndə?” XATİRƏLƏR…Cingiz Sultansoy yazır

image-728x90px

Məhərrəm ayı… Aşağı-yuxarı 65-66 ilin xatirəsi. 1956-57-ci illərin Bakısı, Stalin üç-dörd ildi ölüb, amma eNKaVeDe terroru, repressiyaları, qorxusu hələ davam edir. Poluxin, indiki Murtiza Muxtarov küçəsi. 18 saylı, inqilabdan əvvəl tikilmiş ikimərtəbəli evin küçə balkonu.

Yayın ortasıdır, dəhşətli istilər, Stalin, NKVD, elə həyatın özünün nə olduğunu hələ bilməyən 4-5 yaşlı oğlan uşağı atasıyla balkonda yerdə, kilimin üstündə salınmış yorğan-döşəkdə yatır. O uşaq mənəm. Anam, nənəm və kiçik qardaşım otaqda yatırlar.

Az sonra biz bu, atamın evlənməmişdən əvvəl aldığı evi təhvil verib Azneft meydanına, funikulyorun yanındakı yeni tikilmiş, blokumuzun qapısı hələ olmayan, düzəldilməmiş „Bəhram-Gur“ fəvvarəsinə baxan, şəhərin ən gözəl yeni binalarından olan, memarlığı Mikayıl Hüsenova məxsus „Alimlər Evinə“ köçəcəyik. „Bəhram-Gur“ heykəli və fəvvarəsi biz köçəndən sonra düzəldiləcək, balkondan quraşdırma işlərinə tamaşa edəcəyik.

Amma bütün bunlara hələ çox var…

İndisə axşam yerimizə girəndə aşağıda, küçədə addımlayan adamların ayaq səslərini, danışıqlarını, hərdən keçən köhnə „Moskviç“ ya təptəzə „Pobeda“ların motorunun uğultusunu eşidirəm, sonra məni yuxu aparır. Səhərin alatoranında, hələ oyanmamış, adamsız-maşınsız bomboş küçənin səssizliyində məni bir səs oyadır – başımı qaldırıb o qəribə səsin nə olduğunu, haradan gəldiyini anlamağa çalışıram.

Atam da oyanıb mənə „Yat, yat, hələ tezdir“ deyir. „O nədir, papa? Niyə elə qışqırır?“ „Qışqırmır, azan səsidir, çağırır. Yat“. „Azan nədir?“, „Sonra deyərəm. Yat!“. İtaətlə başımı yastığa qoyuram və ordaca yuxu aparır.

Bir də oyananda atam artıq yanımda yoxdur, işə gedib, hava isə qızıb, qarşıdakı günün istisindən xəbər verir, anam mənə kömək edir geyinim, yeni günün marağı, oyunları, kəşfləri sualımı unutdurur. Mən azan haqda heç nə soruşmuram, atam da heç nə demir.

XIX yüzilliyin sonlarında Naxçıvan şəhərinin qazısı olmuş Saleh ağa Sultanovun nəvəsi, özü yer şumlasa da, hər halda bəy oğlu, sovet hökuməti üçün şübhəli keçmişi, əksinqilabi olmasa da “ünsür“ olan, 1920-ci illərdə yeniyetmə vaxtı ÇK-ya aparılan, dopros edilən, sovetə xoş getməyən keçmişini gizlətmək üçün 1930-cu illərdə ali təhsilini Bakıya yox, Moskvaya gedərək orda alan atam mənə azanın nə olduğunu anladacaqdı? Yox, əlbəttə, atam sovetdən əvvəlki keçmişiylə bağlı təhlükəli məqamları danışmazdı.

Yalnız on il sonra, „Xruşşov istilənməsi“ dövründə uşaqlığının bir-iki epizodunu, səkkiz yaşı olanda Andranikin Naxçıvana hücum etməsini, başqa bəy-xan və varlıların oğlan uşaqlarıyla birlikdə hansısa evin zirzəmisində gizləndiyini, Osmanlı ordu hissəsinin Naxçıvana köməyə gəldiyini və başqa belə olayları mənə nəql edəcəkdi. O gecədən 10-12 il sonra. Məsələn, bunu:

– Mənim atam, sənin baban Möhsün Sultanov ona görə güllələnmədi, sağ qaldı ki, əlləri qabarlı idi. Torpaqlarını özü də şumlayırdı, xoşu gəlirdi işdən. Əlbəttə, daimi nökərləri də vardı, çox deyildilər, ona görə əlavə muzdur da tuturdu. Amma onu aparmağa gələndə əllərini göstərdi, qabarına görə aparmadılar…

Fikir verin “torpaqlarımızı” yox, “torpaqlarını” sanki 1920-yə, on yaşına qədər o torpaqlar atamın da deyildi; “güllələnmədi”, “aparmağa gələndə” – kim gələndə? Kimlər tərəfindən güllələnmədi? Sanki bilmirdi, bilinmirdi kimlər. ÇK, NKVD, KQB, stalinizm dövrünü yaşamış adamın leksikonu, ehtiyatlı danışığı…

Səhər alatoranında ucadan səslənən, yaxındakı „Təzə Pir“ məscidindən gələn o azan səsi yaddaşıma həkk olunub ömrümün sonunacan qalacaq, hərdən xatırlanacaq, özüm də bilmədən məni İslama çəkəcək, yarıməsrdən də çox sonra o gecə, o səhər gözlərim önündə canlanacaq, qulaqlarımda səslənəcək və mən insanları namaza, təmizliyə, saflaşmağa, Allahın hüzuruna çağıran o səsin qəribə ovsunlu gözəlliyini, sehrini sizə çatdırmağa, anlatmağa çalışacam…

1950-ci illərin şəkli. Poluxin küçəsi deyil, Sovetskidir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki