1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli tam orta məktəbdə yaddaqalan və mənalı tədbir keçirilib.
Məktəbin ibtidai sinif müəllimi Günay Abdullayevanın rəhbərliyi ilə 2D sinif şagirdlərinin iştirakıyla təşkil olunan tədbir “Hər birimiz bir çiçək” adlı maraqlı səhnə kompozisiyası ilə yadda qalıb. Məktəbin akt zalında baş tutan tədbirin əsas mövzusu dünya xalqlarının mahnı, rəqs və milli geyimləri olub.
Tədbirin ideyası uşaqların hava şarı ilə dünyanın müxtəlif ölkələrinə “səyahəti” üzərində qurulub. Şagirdlər hər “səyahət” zamanı həmin ölkənin milli musiqisini səsləndirib, rəqslərini təqdim ediblər. Eyni zamanda səhnəyə uyğun milli geyimlərdə çıxış edən uşaqlar nümayiş etdirdikləri ölkə haqqında maraqlı və maarifləndirici məlumatlar da veriblər.
Bu təqdimatlar uşaqlarda multikultural dəyərlərin, tolerantlığın və qarşılıqlı hörmətin formalaşmasına, həmçinin fərqli mədəniyyətlərə marağın və qlobal vətəndaşlıq düşüncəsinin inkişafına təkan verib.
Məktəbin direktoru Reyhan Baxşiyeva tədbirlə bağlı fikirlərini belə ifadə edib:
“Uşaqların müxtəlif xalqların mədəniyyətini öyrənməsi onların dünyagörüşünü genişləndirir, fərqli mədəniyyətlərə hörmət və maraq hissini artırır. Bu da müasir dünyada qarşılıqlı anlayış və multikultural birgəyaşayış üçün əsasdır.”
Valideynlərin və müəllimlərin də iştirak etdiyi tədbir uşaqlar üçün həm əyləncəli, həm də maarifləndirici bir günə çevrilib. Günün sonunda iştirakçılara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.
DOĞRU.AZ