Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi xidmət və tibbi müayinədən yayınma halları ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Qurumdan bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, çağırış və səfərbərlik sistemi beynəlxalq təcrübəyə uyğun şəkildə təkmilləşdirilir. Bu məqsədlə qanunvericiliyə bir sıra dəyişikliklər edilib, şəffaflıq artırılıb və yayınma hallarına qarşı tədbirlər sərtləşdirilib.
Artıq vətəndaşlar “Elektron Hökumət” portalında şəxsi kabinet yaradaraq hərbi qeydiyyat, tibbi müayinə, möhlət hüquqları və digər xidmətlər barədə məlumat ala və müraciət edə bilərlər. Eyni zamanda çağırış vərəqələri elektron formada həmin kabinetə yerləşdirilir.
Xidmətin rəsmisi Pərviz Sədrəddinov bildirib ki, hərbi vəzifələrin icrası ilə bağlı məsuliyyət daşıyan vətəndaşlar vaxtında struktur bölmələrə yaxınlaşmalıdır. Əks halda, İnzibati Xətalar və Cinayət Məcəlləsinə uyğun tədbirlər görüləcək.
Qeyd olunub ki, 2020-ci ildəki Vətən Müharibəsində nümayiş olunan həmrəylik bu gün də davam etməli, vətəndaş–dövlət münasibətləri sülh dövründə də məsuliyyət üzərində qurulmalıdır.
DOĞRU.AZ