Mayın 16-da Heydər Əliyev Mərkəzində məşhur braziliyalı rəssam və heykəltəraş Luiz de Souzanın fərdi sərgisinin açılışı keçirilib. “Əbədiyyətin ifadəsi” adlı sərgidə sənətkarın rəngkarlıq və heykəltəraşlıq sahəsində yaratdığı əsərlər təqdim olunur.
AZƏRTAC xəbər verir ki, ekspozisiyada Luiz de Souzanın Azərbaycanda ilk dəfə nümayiş olunan əsərləri də yer alıb. Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov rəssamın əsərlərinin dünyanın müxtəlif ölkələrində sərgiləndiyini bildirib. Onun sözlərinə görə, bu dəfə Bakıda nümayiş olunan əsərlər məhz Heydər Əliyev Mərkəzi üçün xüsusi olaraq seçilib.
Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz bu təşəbbüsə görə minnətdarlığını bildirib və rəssamın yaradıcılığının incə detallarla zəngin olduğunu vurğulayıb.
Rəssam Luiz de Souza isə Azərbaycanda sərgi keçirməkdən məmnun olduğunu bildirib:
“Azərbaycanın mədəniyyəti, tarixi və sənətə verdiyi dəyər məni valeh etdi. Əsərlərimin ilham mənbəyi isə zamandır. Zamanla apardığım bu yaradıcılıq prosesi mənim üçün həm çətin, həm də dəyərlidir. Əsərlərim arasında tez yarananlar da var, uzun zaman alanlar da. Amma hər biri mənim daxili mübarizəmin nəticəsidir.”
Təsadüfi deyil ki, sərginin leytmotivi də zaman anlayışına həsr olunub. “Gerisayım” adlı əsərində rəssam moped sürən bir şəxsi əqrəbin əksinə hərəkət edən fon üzərində təsvir edərək, zamanla geriyə dönüş və insanın planetə təsirini simvolizə edir.
Sərgidə həmçinin “Zaman səyahətçiləri”, “Zamanda qərq olan” kimi əsərlər də nümayiş olunur. Bu əsərlərdə zamanın nisbiliyi və insan həyatındakı rolu incə bədii dillə əks olunub.
Uşaqlıqdan – 3 yaşından sənətə maraq göstərən Luiz de Souzanın yaradıcılığında Yan Vermeerin rəng və işıqla zərif davranışı, Salvador Dalinin sürrealizmi və Karavacconun dramatik kölgə-işıq kontrastı hiss olunur.
“Əbədiyyətin ifadəsi” sərgisi 2026-cı il aprelin 1-dək Heydər Əliyev Mərkəzində davam edəcək.
DOĞRU.AZ