Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın paytaxtı Tehranda keçirilən Tehran Dialoq Forumunda çıxış edib.
Doğru.az xəbər verir ki, çıxışında o, Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb:
“Azərbaycan və İran iqtisadi əməkdaşlığı daha da inkişaf etdirməlidir. Coğrafi mövqeyimiz regional tərəfdaşlıq üçün geniş imkanlar yaradır,” – deyə Hacıyev bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Bakı çoxtərəfli diplomatik və iqtisadi formatların tərəfdarıdır:
“Biz Avrasiya məkanında önəmli mövqeyə sahibik – Türkiyə, Rusiya və İranla qonşuyuq. İslam Əməkdaşlıq Təşkilatı kimi platformalar bizim üçün həmrəylik baxımından əhəmiyyətlidir.”
Hikmət Hacıyev Azərbaycanın Qara dənizlə əlaqələrinin də inkişaf potensialına malik olduğunu bildirib və bu imkanlardan istifadə etməklə regional əməkdaşlıq modellərinin qurulmasının mümkünlüyünü vurğulayıb.
Çıxışı zamanı Ermənistanla sülh danışıqlarına da toxunan Hacıyev bu dövrün sülh üçün əlverişli zaman olduğunu bildirib:
“Hazırda sülh üçün ən uyğun vaxtdır. Biz konkret nəticələr əldə etmişik və məsələlərin çərçivəsini müəyyənləşdirmişik. Ərazi iddiaları və sərhədlərin işğal yolu ilə müəyyən olunması qəbuledilməzdir.”
O əlavə edib ki, Azərbaycan Ermənistan Konstitusiyasında ölkəmizə qarşı olan təhdid xarakterli müddəaların çıxarılmasında israrlıdır.
Forumda çıxışı zamanı Hikmət Hacıyev həmçinin xarici qüvvələrin təsir cəhdlərinə toxunaraq bildirib ki, Bakı və İrəvan regionda sabitliyə aparan yolu özləri müəyyən etməlidir.
Qeyd edək ki, Tehran Dialoq Forumu İran XİN-də keçirilir və mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahianın xatirəsinə həsr olunub. Tədbirdə 53 ölkədən nümayəndələr iştirak edir.
DOĞRU.AZ