1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix–Memarlıq Qoruq İdarəsi balacalara unudulmaz bir gün yaşatmağa hazırlaşır. “Nağıllar aləmi İçərişəhər” adlı uşaq festivalı paytaxtın qədim qala divarları arasında minlərlə uşağı və ailəni bir araya gətirəcək.
Festival saat 11:30-da uşaqların paradı ilə başlayacaq və axşam saat 19:00-dək davam edəcək. Tədbir Qız Qalası meydanı, Qoşa Qala meydanı, Qüllə küçəsi, Bakı Xanlar Bağı, Arxeoloji Bağ, Kiçik Qala küçəsi, Dördbucaqlı Qala, Bakı Fotoqrafiya Evi və İçərişəhərin müxtəlif qalereyalarında keçiriləcək.
Balacaları teatr tamaşaları, konsert proqramları, maraqlı oyunlar, rəsm sərgiləri, interaktiv guşələr və ustad dərsləri gözləyir. Hər məkan uşaqlar üçün ayrı bir nağıl dünyasına çevriləcək.
Festival həm əyləncəli, həm də maarifləndirici xarakter daşıyır. Məqsəd uşaqların yaradıcı potensialını üzə çıxarmaq, milli-mədəni dəyərlərlə tanışlıq yaratmaq və ailələrin birgə xoş vaxt keçirməsini təmin etməkdir.
Tədbirə giriş sərbəstdir. Valideynlər və uşaqlar bu rəngarəng bayramdan həm zövq alacaq, həm də unudulmaz xatirələr toplayacaqlar.
DOĞRU.AZ