Dekabrın 3-də Nizami Kino Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində genişmiqyaslı konsert proqramı baş tutub.
Doğru.az xəbər verir ki, tədbir “Inclusive Organization Company” şirkətinin rəhbəri İbrahim Məmmədov və “Ümidlə Gəl” xeyriyyə layihəsinin təsisçisi Hacı Quliyevin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Layihə Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəz, Qərbi Azərbaycan Təravəti, Xəzər Universiteti və Vineyard XDİ-nin rəsmi tərəfdaşlığı ilə həyata keçirilib.
Açılış mərasimində Hacı Quliyev və İbrahim Məmmədov tədbirin sosial əhəmiyyətini vurğulayaraq qonaqları salamlayıblar.
Tədbir çərçivəsində ölkədə ilk dəfə inklüziv dəb nümayişi təqdim edilib. Nizami Gəncəvinin “Xəmsə” əsərlərindən ilhamlanan eksklüziv kolleksiya inklüziv modelyer Kübra Nuriyeva tərəfindən hazırlanıb. Fərqli yanaşması ilə seçilən “Xəmsə” kolleksiyası səhnədə böyük maraq doğurub. Bundan başqa, modelyer Nərmin Məmmədzadənin “Xeyir və Şər” adlı kolleksiyası da təqdim olunub. Dəb nümayişinin model çıxışları Syama Həsənova tərəfindən hazırlanıb.
Tədbirin ilk hissəsində rəssam Mehriban Alışovanın sənət əsərləri nümayiş olunub, ardınca xüsusi qayğıya ehtiyacı olan rəssam Pərvanə Hüseynlinin rəsmləri sərgilənib. Sərgi gənc rəssam Aydan Məmmədovanın “Simurq” adlı əsərinin təqdimatı ilə davam edib.
“İnklüzivliyin Sirri 5” layihəsi inklüziv mədəniyyətin inkişafı, xüsusi qayğıya ehtiyacı olan şəxslərin ictimai həyata inteqrasiyası və onların yaradıcılıq potensialının önə çıxarılması baxımından mühüm sosial təşəbbüs kimi qiymətləndirilir.
Dəfilədən sonra tədbirin ən emosional anlarından biri yaşanıb — əlilliyi olan şəxslər tanınmış sənətçilərlə birlikdə duet ifa ediblər və tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıblar.
DOĞRU.AZ





























