İtaliya A Seriyasının hakimlik korpusunun rəhbəri Canluka Rokki qanunsuz fəaliyyətdə şübhəli bilinir.
Offsideplus.az AGI agentliyinə istinadən xəbər verir ki, Milan prokurorluğu onu idman fırıldaqçılığında və “İnter”ə “uyğun” hakimlərin seçilməsində ittiham edir.
İttihamın birinci bəndinə görə, Rokki “San Siro” stadionunda bir neçə şəxslə əlbir olaraq, İtaliya Kuboku matçı zamanı Andrea Kolombonun milanlıların “Bolonya” ilə səfər oyununa (20 aprel 2025-ci il) təyin edilməsi barədə “razılığa gəlib”. Buna səbəb kimi həmin hakimin “mövsümün final mərhələsində skudetto uğrunda mübarizə aparan qonaq komanda üçün arzuolunan olması” göstərilib.
İkinci bəndə əsasən, Rokki “İnter” və “Milan” arasındakı İtaliya Kubokunun ilk yarımfinal oyununda Daniele Doverinin cavab qarşılaşmasına təyin olunmasını təşkil edib. Məqsəd “neradzurri”nin “sevilməyən” hakimi olan Doverinin finalda və ya onlar üçün vacib olan digər matçlarda iş başında olmasının qarşısını almaq olub.
Üçüncü bənd isə birbaşa “İnter”lə bağlı deyil. Bu, “Udineze” – “Parma” (1 mart 2025-ci il) oyununa aiddir. İddia olunur ki, Rokki VAR supervayzeri qismində digər şəxslərlə əlbir olaraq, VAR hakimi Daniele Paternaya təsir göstərib. O, Paternadan fərqli fikirdə olmasına baxmayaraq, baş hakim Fabio Mareskanı təkrar baxışa çağırmağa və Friuli təmsilçisinin xeyrinə penalti təyin etməyə sövq edib.
DOĞRU.AZ

























