image-n1karobka_ads
image-123
image-17234406461464520125_1200x630backend

Kənd təsərrüfatı naziri Qax rayonunda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb – FOTO

image-ad_qayo_720x110px

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şəki-Zaqatala iqtisadi zonasına səfəri çərçivəsində Qax rayonunda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.

Nazirlikdən Doğru.az-a bildirilib ki, Turaclı kəndində “Zərqanad” Arıçılıq Məhsullarının İstehsalı Kooperativinin üzvləri ilə görüşən nazirə kooperativin formalaşması zərurəti, arıçılıq məhsullarının istehsalı, qablaşdırma, sərgilərdə iştirak, arıçıların istehsal güclərini birləşdirməsinin gətirdiyi üstünlüklər barədə məlumat verilib. Kooperativin rəhbəri Kamran Seyidəli havaların yağıntılı keçməsinə rəğmən bu il məhsuldarlığın kifayət qədər yaxşı olduğunu bildirib. Arı ailələrinin mövsüm ərzində 5 fərqli məkana apardıqlarını deyən arıçı fermer bu amilin bal istehsalına və məhsulun keyfiyyətinə müsbət təsir göstərdiyini deyib. Son illər arıçılığa marağın artdığını deyən kooperativ üzvləri hazırda Qax rayonundakı təsərrüfatlarda 30 mindən çox arı ailəsinin saxlandığını bildiriblər. Nazir “Zərqanad” Arıçılıq Məhsullarının istehsalı Kooperativinin məhsulları ilə tanış olub, məhsulların brendləşməsi, satış marketinq işinin təşkili ilə bağlı öz tövsiyələrini verib.

Daha sonra nazir Məcnun Məmmədov Zəyəm kəndində 40 hektar sahədə salınmış intensiv bağla tanış olub. Nazirə Şəki-Zaqatala iqtisadi rayonunda son illər bağçılığa marağın artması barədə məlumat verilib. Bildirilib ki, Qax rayonunda da intensiv bağların sahəsi artır, rayon üçün ənənəvi sayılan fındıq bağları ilə yanaşı şaftalı, nektarin, gavalı, alma bağlarının əkin sahəsi genişlənir. Bağlarda aqrotexniki qulluq qaydalarının düzgün yerinə yetirilməsi məhsuldarlığın artmasına ciddi təsir göstərir. İntensiv bağçılığın həm məşğulluğun artmasına, həm də fermerlərin gəlirlərinin çoxalmasına ciddi təsir göstərdiyini deyən fermerlər dövlət dəstəyi mexanizmlərindən davamlı yararlandıqlarını qeyd ediblər.

Nazir, həmçinin səfər çərçivəsində Qorağan kəndində yeni qurulmuş qarğıdalı qurutma məntəqəsinin fəaliyyəti ilə tanış olub. Bildirilib ki, rayonda qarğıdalı əkini sahələrinin artması bu cür müəssisələrin yaradılmasını zəruri edir. Məhsul yığımı dövründə məhsulun nəmlik göstəricilərinin çox olması məhsulu uyğun qiymətə satmağa imkan vermir. İndiki halda isə qarğıdalı qurutma məntəqəsi fermerlərə öz məhsullarını standartlara uyğun şəkildə, mexaniki üsulla qurudaraq qablaşdırmaq və uzun müddət saxlamaq imkanı yaradır. Görüşdə səsləndirilən təkliflər qeydə alınıb, fermerlərə nazirliyin müvafiq struktur bölmələri ilə əməkdaşlıq etmək tövsiyə olunub.

Məcnun Məmmədov həmçinin Qax rayonunda fəaliyyət göstərən “Ulu Agro” MMC-nin Qax Aqroparkında yeni soyuducu anbarın inşası ilə tanış olub, aqroparkda dənli və dənli paxlalı bitkilərin istehsal göstəriciləri ilə maraqlanıb, yeni salınan bağlara baş çəkib.

DOĞRU.AZ

image-17234406461783026319_1200x630 image-17234406462162822011_1200x630 image-17234406462256851709_1200x630 image-17234406465530664422_1200x630 image-1723440646184854533_1200x630 image-17234406466307956676_1200x630 image-17234406465212019359_1200x630 image-17234406461085816820_1200x630 image-1723440646315012248_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki