image-2000x150px
image-123
image-ads_atlas
image-lvk3upv0khlwelgakd9a45nna01f7cukjhj4f1r5_640backend

Kirayə qaldığı evin 72 minlik əşyalarını satdı, qumarda uduzdu

image-728x90px

Göygöldə kirayə tutduğu evin əşyalarını sataraq mənimsəyən 1987-ci il təvəllüdlü Yusif Əliyevə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Y.Əliyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilib.

Məlum olub ki, Yusif Gəncədə gül mağazası işlədib və 2022-ci ildə Şəmkir sakini olan qadınla ailə qurub. O, daha sonra Göygöl rayonunun Üçtəpə kəndində həyət evi tutaraq həyat yoldaşı və onun ilk evliliyindən olan 2 uşağı ilə birgə ora köçüb. Lakin bir müddət sonra onlar həmin evi tərk ediblər, Yusif isə aylıq kirayə pulunu ödəməyə davam edib.

Telefondakı xüsusi mobil tətbiq vasitəsilə oynadığı qumar oyunlarının aludəçisinə çevrilən Y.Əliyev bir neçə ay ərzində kirayə tutduğu evdəki bütün əşya, mebel, kombi-radiator və sair hər şeyi satıb. Bunlardan əldə etdiyi pulu isə qumarda uduzub. Beləliklə, ev sahibinə 72 min manata yaxın maddi ziyan dəyib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan ev sahibi C.Məmmədova mənzili Yusifə aylıq 500 manata kirayə verdiyini deyib:

“2022-ci ilin mayında makler vasitəsi ilə tanış olduğum Yusiflə görüşüb evə baxdıq. Yusif gül alveri ilə məşğul olduğunu, Gəncədə özünə məxsus olan evdə təmir işləri aparıldığı üçün mənim evimdə ailə üzvləri ilə birlikdə təxminən bir il müddətində yaşayacağını dedi. Hər ay 500 manat kirayə pulu müqabilində razılaşdıq, evin 2 otağını ona verdim. Bir ay sonra Yusif mənimlə Gəncədə görüşüb kirayə pulunu verdi və anasını da həmin evə gətirmək istədiyini deyib qapıları bağlı olan qonaq və yataq otaqlarının da açarlarını istədi. Həmin otaqlara görə əlavə 200 manat istədim və Yusif razılaşdı, açarları ona verdim. Bir müddət sonra gecə saat 1 radələrində Rəna adlı qonşum mənə zəng edərək evimin həyətinə “Qazel” markalı avtomobilin daxil olduğunu gördüyünü dedi. Yusifə zəng edib bu barədə soruşduqda o, gül alveri ilə məşğul olması ilə bağlı maşını həyətə saldığını dedi. Bir ay sonra isə danışdığımız kimi 700 manat kirayə pulunu vaxtında ödədi”.

Mənzil sahibi əşyaların da həmin vaxtdan etibarən evdən daşındığını bildirib:

“Evdəki bəzi əşyalarımı götürmək istəyirdim və qonşum Rəna ilə telefonla danışıb Yusifin evdə olub-olmaması barədə məlumat alan zaman mənə evdə son vaxtlar kimisə görmədiyini dedi. Narahat olub həmin gün evə getdim, giriş qapısının kilidinin dəyişdirildiyini gördüm. Oğlum Ağası hasardan aşıb həyətə daxil olaraq qapını arxa tərəfdən açdı. Pəncərədən içəri baxanda mebel dəstlərinin, stol-stulların, qab-qacaqların, digər ev əşyalarının yerində olmadığını gördüm və bu barədə polisə məlumat verdim”.

Bundan sonra Yusif Əliyev barəsində cinayət işi açılıb.

Həmçinin onun kirayə tutduğu evdən götürdüyü əşyaların sata bilmədiyi hissəsini bacısına və arvadına verdiyi məlum olub. Bəlli olub ki, Yusif Əliyev 10 min manatlıq qonaq otağı mebelini 2 minə, 2 min manatlıq divan-kreslo dəstini 800 manata satıb.

Məhkəmədə o, törətdiyi əməli etiraf edərək özünü təqsirli bilib. O, həmin ərəfədə qumar borcuna görə “KIA Optima” markalı avtomobilini də satdığını bildirib.

Ev sahibi isə məhkəmədən Yusifə ən ağır cəzanın verilməsini tələb edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Əliyevə 7 il həbs cəzası verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki