İyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” tədbirinin rəsmi açılışı çərçivəsində MDB ölkələrinin ənənəvi şirniyyatlarından ibarət geniş çeşidli masa təqdim olunub. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı, həmçinin Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi ilə keçirilib.
“Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramına uyğun təşkil olunan təqdimatda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Belarus, Rusiya, Özbəkistan və Tacikistandan olan tanınmış usta qənnadçılar iştirak ediblər. Hər ölkənin milli şirniyyat nümunələri, onların hazırlanma texnikası və istifadə olunan yerli məhsullar haqqında məlumatlar ziyarətçilərə çatdırılıb.
Tədbirdə xüsusilə Azərbaycan mətbəxinin klassik şirniyyatları və ölkəmizin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən çay mədəniyyəti də xüsusi guşədə nümayiş olunub.
Qeyd edək ki, MDB-nin Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin oktyabrında verdiyi qərarla Laçın şəhəri 2025-ci il üçün “MDB-nin mədəniyyət paytaxtı” elan edilib.
DOĞRU.AZ