Dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində daha bir uğurlu əməliyyat həyata keçirilib.
Doğru.az xəbər verir ki, ümumi çəkisi 53 kiloqram 250 qram narkotik vasitənin və 1450 ədəd metadon M-40 həbinin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
DSX-nin məlumatına görə, sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, 1991-ci il təvəllüdlü Amil Vidadi oğlu Sadıqov şübhəli şəxs qismində saxlanılıb. Uçuş aparatı vasitəsilə sərhədyanı əraziyə atılan 9 kiloqram 760 qram marixuana və 450 ədəd metadon M-40 həbi də aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin dindirmədə narkotik vasitəni götürmək məqsədi ilə əraziyə gəldiyini etiraf edib.
Bundan başqa, sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat-qoşun tədbirlərində dekabrın 7-də 20 kiloqram 240 qram (19 180 qram marixuana, 1060 qram metamfetamin), dekabrın 9-da isə 23 kiloqram 250 qram marixuana və 1000 ədəd metadon M-40 həbi aşkar edilərək götürülüb.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DOĞRU.AZ





























