Qarşıdan gələn Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar mart ayında pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödəniləcək.
Doğru.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 6-da Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə mart ayının pensiyalarının ödənilməsi nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası üzrə isə bu ayın pensiya ödənişinə artıq başlanılıb.
Məlumata görə, Novruz və Ramazan bayramları ərəfəsində ölkənin digər bölgələri üzrə pensiyalar, o cümlədən güzəştli şərtlərlə təyin edilən pensiyalar da vaxtından əvvəl ödəniləcək. Eyni zamanda mart ayı üzrə müavinət və təqaüdlərin də bayramlara qədər verilməsi planlaşdırılır.
DOĞRU.AZ


























