Bakıda media subyektlərinin nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim təşkil olunub. Tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX), eləcə də “AzInTelecom” MMC-nin tərəfdaşlığı ilə baş tutub.
Doğru.az xəbər verir ki, təlimin əsas məqsədi media nümayəndələrinin müasir kibertəhlükələr barədə məlumatlandırılması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, kibertəhlükəsizliyə dair dayanıqlı və hazırlıqlı olmalarına dəstək göstərməkdir.
Tədbirdə Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə, İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və ETX-nin rəisi Samir Rəsulov çıxış ediblər. Çıxışlarda media sektorunda baş verən kiberinsidentlər, kiberdayanıqlığın əhəmiyyəti və bu istiqamətdə görülməli olan tədbirlər müzakirə olunub.
Təlimdə 50-dən çox media nümayəndəsi iştirak edib. Sessiyalar zamanı sahə üzrə yerli və beynəlxalq ekspertlər – o cümlədən İsrailin “Technion” Texnologiya İnstitutunun və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlimçiləri tərəfindən təqdimatlar edilib. Fişinq hücumları, sosial mühəndislik texnikaları, media qurumlarının sosial media hesablarının qorunması, bulud texnologiyalarında təhlükəsizlik kimi aktual mövzulara toxunulub.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və praktik tövsiyələr verilib.
DOĞRU.AZ