image-2000x150px
image-screenshot_20210715-182927_messengerbackend

MEK-də “Heydər Əliyev və mətbuat” adlı növbəti lektoriya baş tutub

image-728x90px
İyulun 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 22 iyul Milli Mətbuatımızın 146-cı ildönümü münasibətilə “Heydər Əliyev və mətbuat” mövzusunda lektoriya keçirilib.

Tədbirdə AMEA prezidenti katibliyinin rəisi, AMEA Rəyasət Heyəti aparatının və elmi tədqiqat institutlarının mətbuat xidmətləri, elm xadimləri, Azərbaycan Mətbuat Şurasının rəhbəri və üzvləri, millət vəkilləri, əməkdar jurnalistlər, KİV nümayəndələri və digər mötəbər qonaqlar iştirak ediblər.

Lektoriyanı giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev görkəmli maarifçi Həsən bəy Zərdabinin naşirliyi ilə işıq üzü görən “Əkinçi” qəzetinin böyük bir ənənənin başlanğıcında dayandığını və Azərbaycan mədəniyyəti tarixinə şərəfli səhifələr yazdığını vurğulayıb.

“Tarixdən məlum olduğu kimi Azərbaycan mətbuatı, təəssüf ki, Sovet rejiminin senzurası ilə boğulmağa başlamışdı. Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə digər sahələrdə olduğu kimi, mətbuatın inkişafında da əsaslı dönüş yarandı. Müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad fəaliyyət göstərməyə başladı. Xüsusilə 1998-ci ildə ulu öndərin tarixi Fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövrün başlanğıcı oldu” – deyə MEK-in baş direktoru bildirib.

Professor Məmməd Əliyev ulu öndər Heydər Əliyevi Azərbaycanda söz və mətbuat azadlığının, plüralizmin əsasını qoymuş lider kimi xarakterizə edərək, bu gün bu missiyanın ölkə başçısı İlham Əliyev tərəfindən layiqli davam etdirilməsindən danışıb.

İnformasiya sahəsində qarşıdurmanın döyüş bölgəsindəki silah qədər vacibliyini qeyd edən baş direktor, I və II Qarabağ müharibəsi zamanı Azərbaycanın haqq səsini dünyaya çatdıran Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Fəxrəddin Şahbazov kimi Azərbaycanın Milli Qəhrəman jurnalistlərinin, eləcə də 2021-ci il iyun ayının 4-də Kəlbəcər rayonunda şəhid olan AzTV-nin operatoru Sirac Abışovun və “AZƏRTAC”ın müxbiri Məhərrəm İbrahimovun xalqın qəlbində və yaddaşında əbədi yaşayacaqlarını vurğulayıb. Professor Məmməd Əliyev həmçinin şəhid jurnalistlərin xatirəsinə ehtiram əlaməti olaraq MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunda onların həyatı və fəaliyyət yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, kitablar, şəkillərindən ibarət guşə hazırlandığını da vurğulayıb.

Sonra şəhid jurnalistlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Lektoriyada geniş məruzə ilə çıxış edən millət vəkili, Azərbaycan Mətbuat Şurasının Sədri, əməkdar jurnalist Əflatun Amaşov ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin olunmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb, bu dönəmlə bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev hər zaman jurnalistərin dostu olub. Əflatun Amaşov 146 illik Milli Mətbuatımızın bu gün Azərbaycanın dünyada eşidilən səsi olduğunu vurğulayaraq, qələmi ilə Həsən bəy Zərdabi ideyalarına sadiq olan jurnalistləri Milli Mətbuat günü münasibətilə təbrik edib. Ə. Amaşov, həmçinin müəllifi olduğu müstəqillikdən əvvəlki və sonrakı illərdə Heydər Əliyevin mətbuatla əlaqəsi barədə ən maraqlı məqamları əks etdirən “Heydər Əliyevin media dərsləri” adlı kitabını MEK-ə hədiyyə edib.

Yeni Azərbaycan qəzetinin baş redaktoru, millət vəkili, professor Hikmət Babaoğlu Heydər Əliyev epoxasında milli mətbuatın inkişafı istiqamətində görülən işlərdən danışaraq, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, eləcə də dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən tədbirləri, imzalanan Fərman və Sərəncamları Azərbaycan mətbuatına, azad sözə verilən böyük diqqətin göstəricisi kimi xarakterizə edib.

Tədbirdə, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Vüqar Əhməd, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, əməkdar jurnalist Aqil Abbas, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, əməkdar jurnalist, professor Şəlalə Həsənova, BDU-nun professoru, “Jurnalistikanın inkişafına yardım” fondunun sədri, əməkdar jurnalist Qulu Məhərrəmli Heydər Əliyevin Azərbaycan mətbuatında rolu haqqında ətraflı çıxışlar ediblər. Qeyd olunub ki, fenomen şəxsiyyət Heydər Əliyevin səyi nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşulub. Çıxış edənlər, bugünkü Azərbaycan mediasının Heydər Əliyevin ideyalarının məhsulu olduğunu və 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələri ikinci dəfə Azərbaycan mediasını informasiya blokadasından çıxardığını xüsusi vurğulayıblar.

“AZƏRTAC”ın şəhid jurnalisti Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov çıxış edərək, KİV nümayəndələrinə göstərilən qayğı və diqqəti yüksək qiymətləndirərək, qardaşı şəhid jurnalist Məhhərrəm İbrahimovun, eləcə də informasiya savaşında peşələrini layiqincə yerinə yetirərək şəhid olan bütün peşəkar jurnalistlərin xatirəsini yad etdikləri üçün MEK-ə dərin təşəkkürünü bildirib.

Sonda 22 iyul Milli Mətbuat günü münasibəti ilə və MEK-in elmi fəaliyyətini müntəzəm işıqlandırdıqlarına görə KİV nümayəndələri Mərkəzi Elmi Kitabxana tərəfindən təşəkkürnamə ilə təltif olunublar və qonaqlara qiymətli nəşrlər hədiyyə edilib.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki