Dekabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “16-cı NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini, Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Doğru.az xəbər verir ki, görüş zamanı müdafiə naziri Azərbaycan–NATO əlaqələrinin peşəkar hərbi kadrların inkişafına verdiyi töhfələri, həmçinin Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində ölkəmizin əlavə qüvvələrin Ortaq Qüvvələr Birliyinə bəyan edilməsini vurğulayıb.
Kontr-admiral Y. Karagülle əməkdaşlığın genişləndirilməsini, Azərbaycanın Alyansın təhlükəsizlik və sabitlik təşəbbüslərində iştirakını yüksək qiymətləndirib və qarşılıqlı səfərlərin səmərəliliyini qeyd edib.
Görüşdə hərbi və hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin gələcək planlar ətraflı müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan Ordusunun 250-dək nümayəndəsi xarici ölkələrdə keçirilən 146 beynəlxalq tədbirdə, 395 nəfər isə ölkəmizdə təşkil edilən 33 NATO tədbirində iştirak edib.
“16-cı NATO günləri” dekabrın 12-dək davam edəcək və qonaqlar bir neçə hərbi hissə ilə yanaşı, Mili Müdafiə Universitetinin xüsusi təyinatlı təhsil müəssisələrini də ziyarət edəcəklər.
DOĞRU.AZ





























