Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbər heyəti ordunun bölmələrinin təminatı və döyüş hazırlığının səviyyəsini yoxlayıb.
Doğru.az xəbər verir ki, komando hərbi hissəsi və digər bölmələrdə nazirliyin rəhbərliyi hərbi qulluqçuların sosial-məişət şəraiti və qoşun xidmətinin təşkili ilə tanış olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəraitlə tanış olduqdan sonra qışa hazırlıq, bölmələrin döyüş qabiliyyətinin artırılması, silah və texnikaya mövsümi qulluq və fasiləsiz təminatla bağlı əlavə tapşırıqlar verib. O, həmçinin hərbi qulluqçularla görüşərək onları maraqlandıran məsələlər barədə danışıb, nizam-intizam və təhlükəsizlik qaydalarına əməl edilməsini vurğulayıb.
Z. Həsənov qoşun xidmətinin təşkili, şəxsi heyətin təminatı və sağlamlığına diqqət, eləcə də təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsi barədə konkret göstərişlər verib.
DOĞRU.AZ