image-2000x150px
image-123
image-ads_atlas
image-1-1backend

Muzeyi peşəkardan öyrənək” adlı layihəyə start verilir

image-728x90px

Mədəniyyət Nazirliyi əsrlərlə yaşı olan muzey eksponatlarının nəsillərdən nəsillərə ötürülməsi üçün muzey işinin düzgün təşkili və eksponatların mühafizə qaydasına riayət edilməsi, həmçinin dünya muzeylərinin təcrübəsinin region muzeylərində tətbiq edilməsi ilə əlaqədar “Muzeyi peşəkardan öyrənək” adlı layihəyə start verir. Layihənin əsas məqsədi məhz regionlardakı muzeylərin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmaqdır.

Muzeylər insanların ictimai-iqtisadi inkişafında əldə etdikləri, yaratdıqları maddi və mənəvi sərvətlərin toplandığı, qorunub mühafizə edildiyi, öyrənildiyi və gələcək nəsillərə çatdırıldığı mədəniyyət, elm-maarif müəssisələridir. Həmçinin, muzeylər hər bir fərdin, bütövlükdə cəmiyyətin dünyagörüşünün formalaşması və inkişafında, onların mədəni və mənəvi tərbiyəsində çox əhəmiyyətli işlər aparırlar. Hazırda ölkəmizdə muzey işinin dünya standartları səviyyəsinə çatdırılmasına, yeni muzey binalarının tikintisinə, əsaslı təmir işlərinin aparılmasına, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, mədəni xidmət işinin keyfiyyətinin yüksəldilməsinə böyük imkanlar yaranmış və bu istiqamətdə çoxşaxəli işlər aparılır.

Regionlarda fəaliyyət göstərən muzeylərin daha da təkmilləşdirilməsi, muzey əməkdaşlarının bilik və bacarıqlarının artırılması böyük əhəmiyyət kəsb edir.

Layihə çərçivəsində region (Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş, Ağcabədi, Ağstafa, Bərdə, Biləsuvar, Xaçmaz, İsmayıllı, Kürdəmir, Masallı, Sabirabad, Şəki, Şəmkir) üzrə fəaliyyət göstərən muzey və Heydər Əliyev mərkəzlərinin əməkdaşlarına Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafizi Mira Məmmmədxanova, Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və muzeyin fond işləri üzrə direktor müavini Aida Axundova kimi peşəkar mütəxəssislər tərəfindən 3 gün müddətində “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminar-müzakirə keçiriləcəkdir.

Daha sonra iştirakçı muzeylər təlimçilər tərəfindən onlara təqdim edilmiş mövzu üzrə öz muzeylərində həyata keçirəcəkləri layihənin 1 həftə müddətində təqdimatını hazırlayacaq. Sonda hər region üzrə muzey və Heydər Əliyev mərkəzləri tərəfindən hazırlanmış təqdimatlara baxılacaq və qiymətləndiriləcəkdir. Təqdim edilən layihənin həyata keçirilməsi Mədəniyyət Nazirliyi tərəfindən məqsədəuyğun hesab olunduğu təqdirdə, layihənin reallaşdırılması üçün dəstək göstəriləcəkdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki