image-n1karobka_ads
image-123
image-1763974429541051081_1200x630backend

“mygov” platformasında istifadəçilərin sayı 2 milyonu keçib

image-ad_qayo_720x110px

Ölkənin əsas rəqəmsal hökumət platforması olan “mygov”da istifadəçi sayı 2 milyon nəfəri ötüb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib ki, cari il ərzində həm veb, həm də mobil tətbiq üzərindən platformaya qoşulan vətəndaşların sayı əhəmiyyətli dərəcədə artıb.

Doğru.az xəbər verir ki, bu il 1 milyondan çox vətəndaş “mygov”a qeydiyyatdan keçib ki, bu da ötən ilin sonu ilə müqayisədə iki dəfədən çoxdur. Platformadan mütəmadi istifadə edən aktiv istifadəçilərin sayı isə 800 min nəfər təşkil edir. Hazırda platformada 400-dən çox rəqəmsal xidmət mövcuddur.

Cari ildə ən çox istifadə olunan sənədlər arasında şəxsiyyət vəsiqəsi məlumatları, iş yeri məlumatları, ailə tərkibi, sürücülük vəsiqəsi və nikah məlumatları yer alıb. Bu xidmətlərin əsas istifadəsi QR paylaşımı və sənəd yükləmə funksiyaları vasitəsilə həyata keçirilib. 2025-ci ildə rəqəmsal məlumatlardan istifadə sayı keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq təxminən 2,2 milyon təşkil edib.

Vətəndaşların ən çox müraciət etdiyi xidmətlər arasında məhkumluq haqqında arayış, mobil cihazların qeydiyyatı, ailə üzvləri haqqında arayış, subaylıq haqqında arayış və nəqliyyat vasitəsindən istifadə üçün etibarnamə xidmətləri üstünlük təşkil edir. Cari ildə 37 dövlət xidməti yenidən tərtib edilərək rəqəmsallaşdırılıb və müraciətlərin sayı 10 dəfədən çox artaraq 220 mindən çox olub.

Platformada istifadəçi sayının artmasına “mygov ID” funksiyası, icazələrin idarə edilməsi və dövlət qurumlarına məktub göndərmək/almaq funksiyaları ciddi təsir göstərib. Bu funksiyalar vətəndaşlara daha təhlükəsiz, rahat və sürətli rəqəmsal xidmət təcrübəsi təqdim edir.

Hazırda “mygov” vasitəsilə vətəndaşlar məhkumluq haqqında arayış, ailə vəziyyəti, təhsil və hərbi xidmət məlumatları, etibarnamələr, kommunal xidmətlər üzrə məlumatların dəyişdirilməsi, borc və səhiyyə məlumatları, iş yerindən arayış, əmək müqavilələrinin imzalanması, bank ödənişləri və digər xidmətlərdən yararlana bilirlər. Həmçinin, nikah, doğum və ölüm haqqında şəhadətnamələr də platforma vasitəsilə əldə olunur.

Platformanın imkanlarının genişləndirilməsi və istifadə rahatlığının artırılması fonunda “mygov”un istifadəçi sayının gələcəkdə də artması gözlənilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki