Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, sərhədin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər uğurla davam etdirilir.
Doğru.az xəbər verir ki, Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində avtomobillə sərhəd xəttinə doğru hərəkət edən iki naməlum şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb və xidməti ərazi bağlanıb.
Əməliyyat nəticəsində “90-BJ-616” dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən Xaçmaz rayon sakinləri – 1987-ci il təvəllüdlü Mövsümov Elşad Ramin oğlu və 1997-ci il təvəllüdlü Rəhimov Murad Mehman oğlu şübhəli şəxs qismində saxlanılıb.
İlkin dindirmədə saxlanılan şəxslər əraziyə ümumi çəkisi 8 kiloqram 800 qram narkotik vasitəni gətirmək məqsədilə gəldiklərini etiraf ediblər.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DOĞRU.AZ