Azərbaycan xalqının ümummilli lideri, müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir.
Tədbirlər çərçivəsində ilk olaraq gənclər təşkilatlarının rəhbər və nümayəndələri, tələbə gənclər təçkilatlarının sədr və üzvləri I Fəxri Xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər. Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib və abidəsi önünə gül dəstələri qoyulub.
Silsilə tədbirlər çərçivəsində NAYORA və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Ulu Öndərin Yolunda: Güclü Gənclik, Güclü Vətən” mövzusunda görüş keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, ADA Universitetinin tarix müəllimi, AMEA-nın böyük elmi işçisi, arxeoloq və tədqiqatçı Gülanə Əliyeva, Gənclər Fondunun daxili nəzarət və monitorinq şöbəsinin müdiri Pərviz Mirələmli, eləcə də bir sıra tərəfdaş gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbir Dövlət Himninin səsləndirilməsi, eləcə də Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Ardınca rəsmi çıxışlar təqdim edilib.
Tədbirdə çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki və gənclər siyasətinin əsaslarının formalaşdırılmasındakı misilsiz xidmətlərini geniş şəkildə vurğulayıblar. Bildirilib ki, Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji kurs yalnız Azərbaycanın daxili inkişafı üçün deyil, eyni zamanda gənclərin bilik və bacarıqlarının artırılması, onların vətənpərvər, fəal və təşəbbüskar vətəndaşlar kimi yetişdirilməsi məqsədini daşıyır. Həmçinin, qeyd edilib ki, bu böyük irs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin gənclərinə geniş inkişaf imkanları yaradılmaqla, onların hərtərəfli inkişafı üçün hər cür dəstək göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi altında gənclər siyasətinin müasir tələblərə uyğun olaraq yeni mərhələyə qədəm qoyduğu və bu sahədə atılan addımların Azərbaycanı dünya miqyasında tanıtdığı da vurğulanıb. Gənclərin beynəlxalq aləmdə mövqelərinin gücləndirilməsi və onların müxtəlif sahələrdəki uğurları bu siyasətin ən mühüm nəticələrindən biridir.
Daha sonra isə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, NAYORA və “Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “İrsin Sirləri: Heydər Əliyev və Gənclər” adlı kvest layihəsi baş tutub.
İştirakçılar altı komanda şəklində bölünərək, Azərbaycan tarixi və ümummilli liderin irsi ilə bağlı intellektual tapşırıqları yerinə yetirməyə başlayıblar. Komandalar müxtəlif şifrələri açmaq və suallara cavab tapmaqla növbəti mərhələlərə irəliləyərək, hər bir mərhələdə daha çox məlumat toplayıblar. Hər addımda iştirakçılar düşünmə qabiliyyətlərini və tarixi biliklərini sınayaraq, məkanların şifrələrini çözməyə çalışıblar. Müsabiqə ştirakçılara Heydər Əliyevin gənclər siyasətinin və irsinin müxtəlif tərəflərini daha dərindən öyrənmə imkanı verib.
Layihənin yekununda ən çox xal toplayan komanda qalib elan olunub. Bütün iştirakçılara sertifikatlar təqdim edilib, qalib komandaya isə medal və hədiyyələr verilib.
Tədbirlər silsiləsinin davamı olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA və üzv gənclər təşkilatlarının təşəbbüsü ilə “Ulu Öndər İrsi: Ümid və İnkişaf” adlı yeni layihəyə start verilib. Layihə internat məktəblərində yaşayan uşaq və gənclər üçün qeyri-formal təhsil elementlərini özündə birləşdirən müxtəlif təlimlər və inkişaf yönümlü workshopların təşkilini nəzərdə tutur.
Layihənin əsas məqsədi, uşaqların sosial bacarıqlarının artırılması, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin və ideyalarının uşaqlara və gənclərə daha dərindən aşılanmasıdır.
Layihə may-iyun 2025 tarixlərini əhatə edəcək və internat məktəblərində yaşayan uşaqlara müxtəlif sosial bacarıqlar, liderlik xüsusiyyətləri, problem həll etmə bacarıqları və komandada işləmə qabiliyyətləri kimi bacarıqların yaradılması təmin ediləcəkdir.
DOĞRU.AZ