Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) aparatında müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.
Doğru.az xəbər verir ki, iclas SHXÇDX-nin rəisi, general-mayor Mürsəl İbrahimovun sədrliyi ilə baş tutub. Toplantıda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti müzakirə olunub.
Qeyd olunub ki, Dövlət Xidməti tərəfindən 2025-ci ilin oktyabr çağırışının uğurla həyata keçirilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə bütün zəruri tədbirlər görülür.
Məlumata görə, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Komissiyada ümumilikdə 16 dövlət qurumu təmsil olunur.
İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
DOĞRU.AZ





























